Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.
Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” də bu turnirdə növbəti matçına çıxıb. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə səfərdə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” komandası ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdən heç-heçə ilə ayrılıblar – 0:0.
Xatırladaq ki, “Traktorsazi” ilk turda doğma meydanda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”yə 0:1, ikinci turda isə səfərdə Qətərin “Əl-Qarafa” klubuna uduzmuşdu – 0:3.
A qrupunda yer alan “Traktorsazi” hazırda 1 xalla sonuncudu. Təbriz təmsilçisi növbəti matçını martın 13-də yenə “Əl-Cəzirə”yə qarşı keçirəcək. Həmin oyun Cənubi Azərbaycanın paytaxtında baş tutacaq.
