"Roma"nın baş məşqçisi Luçano Spaletti komandanın hücumçusu Françesko Tottinin adını "Palermo" ilə matçın iştirak ərizəsinə salmayıb.
Korner.az-ın məlumatına görə, buna səbəb 39 yaşlı futbolçunun bu yaxınlarda verdiyi müsahibədir.
İtaliya mətbuatı iddia edir ki, Tottinin ona nadir hallarda forma şansının verildiyini, amma daha çox oynamaq istədiyini dilə gətirməsi Spalettinin xoşuna gəlməyib və o, forvardı bu yolla cəzalandırmaq qərarına gəlib.
Qeyd edək ki, Françesko cari mövsümdə cəmi 5 matçda meydana çıxıb. İndi komandanın azarkeşləri futbolçu ilə baş məşqçinin kompromisə gəlməsini arzulayır. Çünki "Roma"nın əfsanəsinə çevrilən Totti hələ illər əvvəl başqa komandada oynamayacağını və karyerasını bütünlüklə paytaxt klubuna həsr edəcəyini, futbolla bu klubda vidalaşacağını demişdi.