"Xəzər Lənkəran"ın Avroliqanın I təsnifat mərhələsində "Slima" ilə matç Cənub klubunun 3 futbolçusunun sıradan çıxması ilə əlamətdar oldu.
Korner.az-ın məlumatına görə, "ağ-yaşıllar"ın yay transferlərindən Junior Nildo, Zohair Benoauhi və Vanderson Skarduelli oyunun gedişində zədələnib.
Belə ki, Nildo 50-ci dəqiqədə yerini digər yeni transfer Nikola Qliqorova, Skarduelli 9 dəqiqə sonra Adrian Pitə verib. Benoauhi isə 82-ci dəqiqədə zədələnib. Lakin əvəzetmə limiti bitdiyindən mərakeşli futbolçu zədəli halda oyuna davam edib.
Hər üç futbolçunun zədəsinin nə dərəcədə ciddi olub-olmamasına bu gün həkim müayinəsindən sonra aydınlıq gələcək.
Qeyd edək ki, qarşılaşmanın ikinci yarısında Elnur Allahverdiyev ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu. Təcrübləi müdafiəçi "Slima" ilə "Fırtınalar meydanı"nda keçiriləcək cavab qarşılaşmasını buraxacaq.
