Topaz Premyer Liqannı sonuncu- 32-ci turu maraqlı məqamlarla yadda qalıb.
Korner.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bunlar aşağıdakılardır:
“Neftçi”nin qol seriyası son oyunda qırıldı
“Neftçi”nin qol seriyası qırılıb. Ardıcıl 19 oyunda qol vuran çempion 32-ci turun “Bakı” ilə matçında rəqib qapısına yol tapmayıb. “Ağ-qaralar” sonuncu dəfə ötən il dekabrın 2-də “Qarabağ”a öz meydanında 0:1 hesabı ilə uduzarkən qola həsrət qalmışdı. Bu komandanın mövsümdə 12-ci çempionat oyunu idi. 15-ci turun görüşü olsa da, bəzi matçlar təxirə salındığından “Neftçi” 3 matç az keçirmişdi. Bundan sonra 16 tur və daha 3 təxirə salınmış qarşılaşmada – ümumilikdə 19 matçda qol vuran bakılılar 32-ci turda 20-yə çata bilmədi.
“Rəvan”ın heç-heçəsiz seriyası
Bakının digər klubu “Rəvan” isə mövsümü seriya ilə bitirdi. Paytaxt futbolçuları mövsümün rekorduna imza ataraq ardıcıl 20 oyundur heç-heçə etmir. Barışmaz komanda sonuncu dəfə 11-ci turun ötən il oktyabrın 31-dəki matçında “Turan”la heç-heçə etmişdi – 2:2. Bundan sonrakı 20 görüşdə isə “Rəvan” “sülh”lə barışmayıb. Düzdür bakılılar 11-ci turdan sonra 21 matç keçirməli idi. Lakin 1 qarşılaşmanın nəticəsi ləğv olunub texniki nəticə qeydə alındığından həmin matç seriyaya şamil olunmur.
“Altılıq”da yeni rekord
32-ci tur final mərhələsinin rekordu ilə əlamətdar oldu. “Neftçi” – “Bakı” oyununa toplaşan 7000 azarkeş “altılıq” mərhələsinin 60 qarşılaşması üçün ən yüksək göstərici oldu. Mövsümün final mərhələsinin buna qədərki rekordu 24-cü turun “Xəzər Lənkəran” – AZAL görüşünə aid idi – 5500 tamaşaçı.