Bu həftə Topaz Premyer Liqasında 30-cu turun oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, final mərhələsinin 8-ci turu Azərbaycan çempionunun adına da aydınlıq gətirə bilər. Qızıl medalların taleyi baxımından həlledici ola biləcək turda ilk “altılıq” komandaları eyni gündə meydana çıxacaq. İkinci “altılıq” matçları isə 1 gün əvvəl keçiriləcək.
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla qarşıdakı turda üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edirik.
30-cu tur, 8 may (çərşənbə)
“Kəpəz” (Gəncə) – “Rəvan” (Bakı)
+4=0-3, top fərqi – 9-14
Son 2 qarşılaşmada rəqibini quru hesabla məğlub edən “Rəvan” top fərqində öndə olduğu duellərdə qələbə sayında geridədir. Aşağı dəstəyə düşməsi çoxdan rəsmiləşən “Kəpəz” bu minimal üstünlüyünü evdə qorumağa çalışacaq. Rəqiblərin əvvəlki 7 matçında heç vaxt heç-heçə qeydə alınmayıb.
AZAL (Bakı ) – “Sumqayıt” (Sumqayıt)
+2=3-2, top fərqi – 12-11
Cari mövsümdə rəqibinə uduzmayan AZAL yalnız top fərqində cüzi üstünlüyə malikdir. “Sumqayıt” səfərdə keçirdiyi hər 3 oyunda qol vurub və qapısında da ən azı 1 top görüb.
“Xəzər Lənkəran” (Lənkəran) – “Turan” (Tovuz)
+13=4-2, top fərqi – 36-14
Çempionatda 20-ci dəfə qarşılaşacaq rəqiblərin oyunlarında indiyədək 50 qol vurulub. Həm qələbə, həm də top sayında aşkar üstünlük “Xəzər Lənkəran”ın tərəfindədir. Cənublular son 3 ev oyununda da qalib gəlib.
9 may (cümə axşamı)
“Bakı” (Bakı) – “Qəbələ” (Qəbələ)
+12=4-3, top fərqi – 25-13
Öz meydanında heç vaxt “Qəbələ”yə uduzmayan “Bakı” 20-ci duel ərəfəsində böyük üstünlüyə malikdir. Bakılılar cari mövsümdə də rəqibinə yenilməyib.
“Neftçi” (Bakı) – “Simurq” (Zaqatala)
+11=3-1, top fərqi – 24-6
Ardıcıl 3-cü dəfə Azərbaycan çempionu olan ilk klub kimi tarixə düşməyə yaxın olan “Neftçi” özü üçün münasib rəqiblə qarşılaşacaq. Əvvəlki 15 oyunun 11-də qalib gələn bakılılar top fərqində “Simurq” üzərində 4 qat üstünlüyə malikdir. Son 7 qarşılaşmada isə zaqatalalılar xala da həsrət qalıb.
“İnter” (Bakı) – “Qarabağ” (Ağdam)
+9=11-14, top fərqi – 24-35
35-ci duel ərəfəsində üstünlüyə malik “Qarabağ” son illərdə “İnter” üçün çətin rəqibə çevrilib. Bakılılar son 10 matçda qalib gələ bilməyib. Paytaxt təmsilçisi öz meydanında 4 görüşdür 3 xal həsrətindədir. “Qarabağ” son 3 səfər oyununda heç-heçəyə nail olub.
