Tomas Tuxel Premyer Liqaya qayıda bilər
10.02.2026 , 17:50
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin gələcək planları futbol ictimaiyyətində maraq doğurur.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis 2026-cı il dünya çempionatından sonra Premyer Liqaya qayıda bilər. Onun adı “Nyukasl” klubunun baş məşqçi postu ilə əlaqələndirilir.
Xəbərdə bildirilir ki, “sağsağanlar”ın mövsümdə gözləntiləri doğrultmayan çıxışı rəhbərliyi ciddi qərar verməyə vadar edib. Yayda Eddi Haunun vəzifəsindən ayrılması gündəmə gələ bilər. Bu halda əsas alternativlərdən biri kimi Tomas Tuxel nəzərdən keçirilir.
Təcrübəli çalışdırıcı İngiltərə futboluna yaxşı bələddir. O, “Çelsi”də işlədiyi dövrdə Premyer Liqada uğurlu nəticələr əldə edib.
Hazırda “Nyukasl” Premyer Liqada 25 turdan sonra 33 xalla 12-ci sırada yer alır.