Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Macarıstanın MTK klubunu mübarizədən kənarlaşdıran “Qəbələ”nin yarımmüdafiəçisi Teo Uiks oyundan sonra jurnalistlərə müsahibə verib.
Korner.az həmin müsahibəni təqdim edir:
– Oyun haqda fikirlərini bildirərdin…
– Çətin oyun keçdi. Qələbəni asan şəkildə əldə etmədik. Xeyli əziyyət çəkməli olduq.
– “Samtrediya” güclü idi yoxsa MTK Budapeşt?
– “Samtrediya”. Onlar daha yaxşı mübarizə aparırdılar. MTK isə uzun ötürmələrdən istifadə edirdi.
– Növbəti mərhələdə rəqib Fransanın “Lill” klubudur…
– Rəqibimiz haqda hər kəs məlumatlıdır. Güclü komanda olduqlarını yaxşı dərk edirik. İşimiz çox çətin olacaq.
– Komanda yoldaşın Məhəmməd Mirzəbəyov müsahibəsində qeyd etdi ki, “Lill”in Ederi varsa, bizim də Teo Uiksimiz var”…
– … (gülür). Eder Portuqaliya yığmasının forvardıdır. Yaxından tanımıram və dostluq əlaqəmiz də yoxdur. Lakin onunla bir neçə dəfə qarşılaşmışıq. Ederə qarşı oynamaq maraqlı olacaq. Biz rəqibimizdən çəkinmirik. Bacardığımızı edəcəyik.
– “Qəbələ”nin heyətində 4 oyuna 5 qol vurmusan.
– İstəyirəm ki, qollarımın sayı çox olsun. Komandama faydalı olmaq istəyirəm.(Sportal.az)
