“Qarabağ”ın evdə “Roma”ya məğlub olması (1:2) Qurban Qurbanov üçün yeni anti-rekorddu. 2008-ci ildən komandaya rəhbərlik edən çalışdırıcının komandası ilk dəfədi ki, avrokuboklarda ardıcıl 3 oyundu ki, məğlub olur.
Buna kimi Qurbanovun yetirmələri ən pis halda ardıcıl 2 görüşdə yenilgi ilə yadda qalmışdı. Ümumiyyətlə, “Qarabağ”ın avrokuboklarda ən uzun məğlubiyyət seriyası 5 matçdı. Bu isə Qurbanovdan əvvələ – 1999-2004-cü illərə təsadüf edir.
“Roma” həm də “Qarabağ”ın avrokuboklarda qarşılaşdığı 3-cü İtaliya klubu oldu ki, bu oyunlarda da apenninlilərin üstünlüyü aşkardı – 4 qələbə, 1 heç-heçə.
“Qarabağ”ın ÇL-də ilk qolunu vurması da yadda qalan hadisə oldu. Ağdamlıların braziliyalı hücumçusu Pedro Enrike bu mənada adını tarixə yazdıra bildi.
Protokolda Bakı Olimpiya Stadionunun (BOS) tribunalarındakı azarkeşlərin sayının 67.200 nəfər göstərilməsi (Hərçənd tribunalarda boşluqlar çox idi) həm də ölkəmiz üçün rekorddu. İndiyə kimi Azərbaycanda heç bir futbol matçını bu qədər azarkeş izləməmişdi.
