Bu gün Çempionlar Liqasında 2014/15-ci il mövsümündə növbəti finalçının adına aydınlıq gələcək. İlk oyunda rəqibini məğlub edən (2:1) Turin təmsilçisi Madriddə də bu üstünlüyünü qorumağa çalışacaq. Birinci oyunda qeydə alınan hesab bizə bu gün maraqlı oyunun olacağını vəd edir. Oyuna cəmi yarım saat qalmış hər iki klubun ümumilikdə Avropanın ən nüfuzlu turnirində oynadığı yarımfinal oyunlarına nəzər salaq. Həm də biraz vaxt getsin, oyuna qədər…
Ev sahibi “Real”dan başlayaq. Madrid təmsilçisi ümumilikdə Çempionlar Liqasında (yalnız ÇL adı ilə keçirilən turnirlər) cəmi 7 dəfə yarımfinal oynayıb. Tarixə qısa səyahət edək:
1997/98-ci il mövsümü madridlilər üçün uğurlu olub. ¼ finalda “Bayer” səddini hər iki oyunun nəticəsinə görə 4:1 hesabı ilə keçən kral klubu yarımfinalda “Borussiya” (Dortmund) ilə qarşılaşıb. İlk oyun “Santiaqo Bernabeu”da keçirilib. Fernando Moryendes və Kristian Karambenin vurduğu qollar ispanları finala daşıdı. Finalda isə “Monako”nu məğlub edən “Yuventus” vardı. “Amsterdam Arena”da keçirilən oyunda yeganə qolun müəllifi Predraq Myatoviç oldu – 1:0.
1999/00-ci il mövsümündə də Madrid nəhəngi baş mükafata yiyələndi. Lakin çempionluğa qədər çətin oyunlar keçirməli oldu. ¼ finalda rəqib “Mançester Yunayted” idi. İlk oyun Madriddə keçirildi və bu oyunda qol səsi eşidilmədi. Cavab matçında isə 5 qol vuruldu. İlk dəqiqələrdə Robi Kin topu öz qapısına vurmasaydı, finalçı Mançester təmsilçisi ola bilərdi. Bundan sonra Raul Qonzalesin dublu məsələni həll etdi. Yarımfinalda rəqib Münhenin “Bavariya”sı idi. İlk oyun “Santiaqo Bernabeu”da keçirildi və meydan sahibləri 2:0 hesablı qələbəyə sevindi. Revanş matçında 2:1 hesabı ilə qələbə qazanan “Bavariya” mübarizəni yarımfinalda dayandırmalı oldu. Madridlilər isə finaldaki rəqibi “Valensiya”nı da rahat məğlub etməklə növbəti dəfə baş titula sahib çıxdı – 3:0
2000/01-ci il mövsümündə “Real” Çempionlar Liqasında uğurlu çıxış edirdi. Kral klubu bu turnirdə 5 məğlubiyyət alaraq yarımfinala qədər irəlilədi. Qazanılan 9 qələbə və bir heç-heçə komandanı bu mərhələyə qədər daşıyıb.
¼ final mərhələsində “Qalatasaray”a rəqib olan Madrid nəhəngi birinci matçda İstanbulda ilk iki qolu vursa da, üstünlüyünü qoruya bilmədi – 3:2. Həmin oyunda “Qalatasaray”ın heyətində Ümid Davala (47), Hasan Şaş (66) və Jardel (75) fərqlənmişdi. “Real”ın qollarına isə İvan Elqera (33) və Klod Makelele (43) imza atmışdı. Cavab oyununda isə madridlilər bunun acığını çıxmağı bacarıb. Raul Qonzalesin dublu və İvan Elqeranın gözəl qolu “Real”ı yarımfinala çıxardı. Bu mərhələdə isə rəqib daha iddialı “Bavariya” idi. İlk oyun “Santiaqo Bernabeu”da keçirildi və qonaqlar Covani Elberin qolu ilə böyük üstünlük əldə etdilər – 0:1. Cavab oyunu isə gözlənildiyi kimi maraqlı alındı. Oyunda cəmi 3 qol vuruldu. “Real” çox çalışsa da, finala adlaya bilmədi. İlk dəqiqələrdə Covani Elber hesabı açdı. Bu qoldan 10 dəqiqə sonra Luiş Fiqu hesabı bərabərləşdirsə də, Yens Yeremis yekun hesabı müəyyənləşdirdi – 1:2.
2001/02-ci il mövsümündə baş mükafatı qazanan “Real” bunu növbəti ildə də təkrarlamaq arzusunda idi. Bu arzusunu yerinə yetirməyə isə “qoca senyora” mane oldu. İlk oyun madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatdı. Cavab oyununda isə turinlilər ispan klubuna şans vermədi. Trezeqe, Del Piyero və Nedvedin qollarına son dəqiqələrdə Zidan cavab verdi ki, bu da təsəllidən başqa bir şey olmadı.
Sonraki yarımfinal isə 2010/11-ci il mövsümünə təsadüf edib. Buna qədər “Real” ardıcıl 6 mövsüm mübarizəni 1/8 mərhələdən dayandırırdı. Nəhayət 2010-cu ildə bu uğursuz seriyaya son qoyan Madrid klubu ½ mərhələdə “Barselona” ilə qarşılaşdı. Leonel Messinin 76 və 87-ci dəqiqələrdə vurduğu qol yekun hesabı bəlirlədi – 0:2. Cavab oyununda isə qalib müəyyən olmadı – 1:1.
2011/12-ci il mövsümündə də yarımfinal mərhələsinə qədər irəliləyən “Real” bu yolda ÇSKA (Moskva) və APOEL kimi klubları mübarizədən kənarlaşdırıb. Yarımfinalda yenidən “Bavariya”ya rəqib olan madridlilər bu dəfə də Münhen səddini keçə bilməyib. İlk oyunda Frank Riberi və Mario Qomesin qollarına Məsut Özil cavab verə bilib – 2:1. Cavab oyununda da eyni hesab qeydə alınıb. Lakin qalib bu dəfə “Real” olub. Madridlilərin heyətində Ronaldo iki dəfə fərqlənərək komandanı ümidləndirib. Lakin Robbenin 27-ci dəqiqədə vurduğu qol oyunu əlavə dəqiqələrə sonra isə penaltilərə aparıb. Futbol lotoreyasında isə qalib almanlar olub.
2012/13-cü il mövsümündə isə azarkeşlər maraqlı yarımfinal matçlarına tamaşa etdilər. “Borussiya” ilə qarşılaşan “Real” favorit kimi göstərilsə də “Siqnal İduna Park”da gözlənilməz nəticə qeydə alındı. Levandovskinin pokeri “Real”lıları şoka saldı – 4:1. Kral klubu cavab oyununda 2:0 hesabı ilə qələbə qazansa da, bu final üçün yetərli olmadı.
Nəhayət, dünyanın ən varlı klubunun ötən mövsümdəki çıxışı yəqin ki, hər kəsin yadındadı. Yarımfinalda yenidən “Bavariya” ilə qarşılaşan kral klubu ilk oyunda minimal hesablı qələbəyə sevindi – 1:0. “Allianz Arena”daki oyunda rəqibinin qapısından 4 cavabsız top keçirən ispanlar final mərhələsində “Atletiko”nu da darmadağın etməklə (4:1) 13-cü dəfə bu mükafatın sahibi oldular.
“Yuventus”un da Avrokuboklardaki tarixi bu axşamki rəqibindən çox da geri qalmır. Bu mövsümə qədər 5 dəfə yarımfinal oynayan “Yuventus” onların cəmi birindədə baş mükafata öz adını yazdırıb.
1995/96-cı il mövsümündə “Yuve” ÇL-da 11 oyun keçirmişdi – 6 qələbə 2 heç-heçə və 3 məğlubiyyət. ¼ finalda “Real”la qarşılaşan “qoca senyora” ilk oyunda rəqibinə boyun əydi – 0:1. Öz meydanında isə daha iddialı olan turinlilər Del Pyero və Padovanonun qolu il yarımfinala çıxdı. Bu mərhələdə Fransa klubu “Nant”la qarşılaşan “Yuventus” ilk oyundaca məsələni həll etdi – 2:0. Cavab matçında isə fransızlar qələbə qazansa da, finala vəsiqəni italyanlar qazandı – 3:2. Finalda isə rəqib “Ayaks” idi. Matçın əsas vaxtı 1:1 hesabı ilə bitdi. Penaltilər seriyasında italyanlar qələbə qazanmaqla ÇL-nın qalibi oldu.
1996/97-ci ildə də finala qədər irəliləyən “qoca senyora” bu mükafatı ardıcıl qazanan tək klub ünvanına sahib çıxmaq niyyətində idi. Bunun üçün yarımfinalda yenə “Ayaks”la qarşılaşan “Yuve” iki oyunun nəticəsinə gör 6:2 hesabıyla finala vəsiqə qazandı. Son mərhələdə rəqib “alman maşını” “Borussiya” idi. Final Münhen şəhərində keçirildi. Meydan sahibi amilindən istifadə edən dortmundlular üstünlüyü ələ almağı bacardı. Karl-Hayts Ridle və Lars Rikenin vurduğu qollar kuboku Almaniyada saxladı.
Növbəti mövsümdə də finala qədər irəliləyən “Yuventus” yenə çempionluğu son anda əldən verdi. Yarımfinalda “Monako”nu iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə keçən “Yuve” finalda “Real”a məğlub oldu – 0:1
1998/99-cu il mövsümündə “Mançester Yunayted”lə yarımfinalda üzləşən Turin nəhəngi finalı son dəqiqələrdə əldən verdi.
İlk oyun “Old Trafford”da keçirildi və qonaqlara sərf edən hesab qeydə alını – 1:1. Cavab oyununda 5 qol vuruldu. İnzaqi 11 dəqiqə ərzində dubl etsə də, italyanlar üstünlüyünü sona qədər qoruya bilmədi. Roy Kin, Duayt York və Endi Koulun qolları mançesterliləri finala yüksəltdi.
Hər iki klubun zəngin tarixinindən göründüyü kimi bugün azarkeşləri maraqlı oyun gözləyir.
Məmmədov İlkin
