Bu gün Topaz premyer liqasının XIII turu çərçivəsində “Qəbələ” “Kəpəz”in qonağı olub
Böyük hesabla qalib gələn (1-6) “Qəbələ” idman klubunun prezidenti Tale Heydərov həm oyun, həm də komandada yaranan söz-söhbətlər haqda fikirlərini bildirib:
-Qələbənin bu qədər asan olacağını gözləyirdinizmi?
-Açığı bu qədərini mən də gözləmirdim. Baxmayaraq ki, “Kəpəz” sonuncu yerdədi, yenə də bizim üçün vacib oyun idi.
-Artıq 13 tur geridə qalıb və “Qəbələ” liderlər qrupundadır. Ümumiyyətlə, iki dövrdəki çıxışınızı qiymətləndirsəniz, nə deyərdiniz?
-Ümumiyyətlə, nəticə yaxşıdır. Elə oyunlar var ki, biz orda xal itirməməliydik, amma itirdik. “Qəbələ” nəyəsə görə zəif komandaların qarşısında məğlub olur və ya xal itirir.
-Bu sezon “Qarabağ”ın hegemonluğuna son qoymaq real görünürmü?
-Biz çalışacağıq ki, bunu edək. “Qarabağ” çox güclüdür. Çempionlar liqasında çox gözəl çıxış edən bir komandadır. Bizim üçün asan olmayacaq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, bu il çempion olaq.
-Son zamanlar mətbuatda “Qəbələ”nin maddi problemlərlə qarşılaşdığı barədə xəbərlər yayılıb. Bu söz-söhbətə son qoymaq istərdinizmi?
-Bizdə heç bir problem yoxdur. Müəyyən vaxtlarda bəzi gecikmələr baş vermiş ola bilər, amma ciddi problem deyil. Bütün oyunçularımız şəraitdən razıdırlar.
-Qış transferləri ilə bağlı planlar hazırdırmı?
-Həmişəki kimi baş məşqçi yeni oyunçular istəsə onları almağa hazırıq. Əlbəttə ki, büdcənin daxilində. Bu, məşqçinin öz qərarıdır və biz də ona dəstək olmağa çalışırıq.
