Tahir Süleymanovun açıqlaması “Neftçi” TV-dən silinib? – RƏSMİ AÇIQLAMA
04.06.2023 , 15:53
Ötən gün “Neftçi”nin Azərbaycan kubokunun finalında “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olmasından sonra “ağ-qaralar”ın keçmiş vitse-prezidenti Tahir Süleymanov “Neftçi” TV-yə açıqlama vermiş, hazırkı klub rəhbərliyini tənqid etmişdi. Ancaq bu gün sözügedən TV-nin YouTube səhifəsində həmin video görünməyib. Bu, klub rəhbərliyindən narazı qalan “Neftçi” fanatlarını söz azadlığının boğulması kimi qiymətləndirilib və fanatların dünəndən qalan hiddəti bir qədər də artıb.
Məsələ ilə bağlı Korner.az-ın sorğusuna cavab verən klubun mətbuat katibi Rüstəm Allahverdiyev bildirib ki, sözügedən video TV-nin səhifəsindən silinməyib: “Video çəkiliş zamanı arxa fonda müxtəlif musiqilər səslənirdi, bu səbəbdən YouTube həmin musiqilərin müəllif hüquqlarının pozulduğunu göstərərək videonu “ban” edib. Artıq bununla bağlı Youtube-a rəsmi məktub yazmışıq və cavab gözləyirik. Bu kimi hallarda cavab adətən 1-2 gün ərzində verilir”.