"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov rəhbərlik tərəfindən komandanın 80 illik yubiley tədbirinə çağrılmamasına münasibət bildirib.
Korner.az-ın məlumatına görə, təcrübəli futbol adamı şəxsi "Facebook" səhifəsində bunları yazıb:
"İndiki rəhbərlik tərəfindən 80-illik yubileyə dəvət olunmamağım ictimaiyyətdə çox müzakirə olunur. Diqqətə görə hər kəsə təşəkkürümü bildirirəm.
"Neftçi"yə, azarkeşə hörmət olaraq vacib oyundan öncə bu cılız hərəkətə münasibət bildirmədim. "Kölgə qorxusu" təfəkküründən qat-qat üstünük və "Neftçi" sevgisini heç kim ruhumuzdan ala, silə bilməz.
"Neftçi" kimlərinsə şəxsi mülkü, klubu deyil. Bu klub xalqındır, Sizlərindir. Dövlətin ayırdığı vəsait hesabına oyundan(!) əvvəl "Əyləncə Mərkəzi"ndə əylənərək yüz qram vura-vura tarix yazılmır, tarix yaşıl meydanda yazılır!"
