Layihə

Tahir Süleymanov: “Qarabağ”ı da “sındırsalar”, Azərbaycan futbolu məhv olacaq – MÜSAHİBƏ

01.06.2016 , 11:35

Tahir Süleymanov Azərbaycanın ən titullu klub idarəçilərindəndir. Üstəlik, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmış ilk Azərbaycan klubunun idarəçilərindən olub. Bu gün isə “qurban”dır, klublarda Müşahidə Şurası yaratmaq ideyasının “qurban”ı. Onunla söhbətimizin mövzusu da elə MŞ ideyası, klublardakı MŞ-lər və onların fəaliyyəti oldu. 

– Tahir bəy, Müşahidə Şurası (MŞ) yaradılması qərarı Azərbaycan futboluna lazım idimi?
– Mən məsələlərə hər zaman kompleksli yanaşmağı sevirəm. Üzdən heç vaxt yanaşmıram. Suala sualla cavab verim. 2010-cu ilə qədər Azərbaycan klub futbolunda heç bir uğur olmayanda, klubların hətta bir mərhələ keçməsi toy-bayram hesab ediləndə niyə Müşahidə Şurası ideyası ortaya atılmırdı, amma “Qarabağ” və “Neftçi”nin uğurlarından sonra bu qərar verildi? Bu nə məqsəd daşıyırdı?

– Belə başa düşdüm ki, sətiraltı bunu demək istəyirsiz, AFFA klubların uğurlarını gördü və klubları ələ keçirmək və bu uğurlarda pay sahibi olmaq üçün bu addım atıldı?
– Mən deməzdim ki, pay sahibi olmaq istədilər. Onlar pay sahibi ola bilməzlər. Xalqın gözü tərəzidir. Bu uğurlar o klubda çalışanların işə münasibətinin nəticəsi idi, hansısa layihənin nəticəsi deyildi. Əgər belə olsaydı, həmin dönəmdə milyonlar xərcləyən “Xəzər Lənkəran”, “Bakı” da qrupda olardı. Məqsəd bunları öz adlarına yazmaq yox, klubların uğurları fonunda millinin uğursuzluğunu ört-basır etmək idi. Xalqın klubların uğurlarını görürdü, bu da milliyə cavabddeh olan insanlara sərf etmədiyindən belə bir qərar verildi. Prosineçki açıqlama verib ki, biz Makedoniyaya, Andorraya qalib gələ bilmirik. Səbəb nədir? Çempionatın səviyyəsinin aşağı olmasıdır. Çempionat dağıdılır, klublar dağıdılır, təbiidir ki, bunun bir az maliyyə böhranı ilə də əlaqəsi var. “Neftçi”, “Qarabağ”ın qruplara düşənədək burda işləyən bir neçə əcnəbi mütəxəssis dedi ki, Azərbaycan klubları 2020-ci ildə qruplarda ola bilərlər. İstər-istəməz, Azərbaycan futbolunda ümidsizlik yaranırdı. Amma öz mütəxəssisimizlə bu uğurları qazanmaqla balans pozuldu və klubların irəli getməsi AFFA-ya sərf etmədi. Artıq millidən nəticə tələb olunurdu. Buna görə də məkrli plan quruldu və klublar da parçalandı, hətta yox olmağa başladı.

– Niyə bu qərarı “Neftçi” “Sumqayıt” “Kəpəz” qaça-qaça icra elədi, amma “Qəbələ”, “Qarabağ” hələ bu gün də əməli iş görmür? 
– “Neftçi” qaça-qaça bunu etmədi. Bizim vaxtımızda bu mümkün deyildi, klublar ələ alındı. O klublar ki, AFFA-nın idarəsi altındandır, onlar dərhal buna keçdi. “Sumqayıt”da prezident idarə üsulu ləğv olundu, eləcə də “Neftçi”də. Amma “Sumqayıt”da bu gün də prezident qalıb. Bəs yaxşı, bu necə ola bilər? Digər tərəfdən, qərarı icra etməyən “Qarabağ”, yaxud “Qəbələ” niyə cəzalanmır, çempionatdan çıxarılmır? Bu qərarın altında böyük planlar var idi və həyata keçirildi. Bir tərəfdən də böhranın təsiri oldu. “Xəzər Lənkəran”, “Bakı” kimi klublar artıq yoxdur. Yeni mövsüm başalayacaq, amma hələ bəlli deyil ki, neçə komanda olacaq. “Neftçi” rəqabətə davamlı olacaqmı, olmayacaqmı? Mən deyirəm ki, olmayacaq.

– Müşahidə Şurasının qurbanı olan komandanın üzvü kimi Tahir Süleymanov…
– Yox, mən belə deməzdim, mən bu qərar olmadan klubu tərk etdim, amma yenə də  deyirəm, təzyiqlər o həddə çatmışdı ki, sadəcə gələcəyi görüb sağollaşdım. O qədər tarixi uğurlarımız oldu, 5 mövsümdə elə il olmadı ki, qızıl medal, yaxud kubok almayaq…

– “Neftçi”də MŞ yaradılacağı ilə bağlı söhbətlər nə vaxt başlamışdı?
– İcraiyyə Komitəsinin o qərarı verdiyi ərəfədə biz Avropaya hazırlaşırdıq, artıq qruplardaydıq, uğurlar gəlirdi, “Qarabağ” da layiqli olaraq bizimlə rəqabətə qoşulmuşdu. Həmin dönəmdə təkan vermək əvəzinə, bunu etmək necə doğru idi? MŞ ideyası ortaya atıldıqdan sonra təbii ki, etiraz oldu. Həmin şəxslərdən biri də biz idik, yəni “Neftçi”nin rəbərliyi. Nə ehtiyac var idi? Qanunlar olmalıdır, ümumi qanunlar… O qanunlara riayət olunmaldır. Yeri gəlmişkən, təşəkkür edirəm ki, Elxan Məmmədovun MŞ ilə bağlı 3 il ərzindəki açıqlamalarındakı təzadları ortaya qoydunuz bugünlərdə. Göstərdiniz ki, bu sözləri baş katib deyib, hər hansı jurnalist və ya mütəxəssis yox. Millinin baş məşqçisi makedonlarla oyundan sonra deyir ki, çempionatın səviyyəsi aşağıdır, belə getsə, “Qarabağ” da düşəcək, çünki daxildə rəqabət yoxdur, belə olanda heç bir uğur da olmur. Nə qədər ki “Andorra ilə heç-heçə etməliyik, Andorra zəif komanda deyil”, – deyən insanlar var, inkişaf olmayacaq. “Qarabağ” sağ olsun, hər şeydə ümid yalnız bu komandayadı. İnanmıram onları “sındırsınlar”, əgər bu da olsa, ölkə futbolu məhv olacaq.

– Bu qərarda vahid idarəçilikdən çıxıb qrup idarəçilik olmağı haqda danışıldı. Avropa misal çəkildi, nəhayətdə, gözlənti bu idi ki, idarə heyətində yer alan insalar kluba maddi olaraq dəstək olsunlar. Əslində, doğru deyirdilər, Avropada idarəçilik sistemi bu cürdür. Misal üçün, “Fənərbağça”nın idarə heyətində yer alan insanların hərəsi bir şirkət rəhbəridir və kluba maddi dəstək olurlar. Digər tərəfdən, MŞ sisteminə keçməkdə məqsəd klubları gələcəkdə səhmdar cəmiyyətlərə keçirmək idi. Yəni belə düşünürdülər ki, azarkeşlər klublarının səhmlərini alacaq və beləliklə, maddi dəstək əldə ediləcəkdi. Sizcə Azərbaycanda bunları etmək mümkündürmü?
– Heç kim inciməsin, 3-5 ildir futbola gələn insanlar dünya futbolundakı vahid idarəçilikdən danışa bilməzlər. Buna onların təcrübəsi çatmaz. Niyyət ölkə futbolunu qaldırmaq deyil, uğursuzluqları ört-basdır etmək idi. Ölkə futboluna son 10 ildə 2 milyardaa yaxın pul xərclənib. Azərbaycan üçün astronomik rəqəmdir. Təəssüf ki, futbolu bilməyənlərin idarəetmədə dəlləklik etməsi… Bu təkcə AFFA-da deyil, klublarda da eyni vəziyyətdir. Öz işində uğuru olmayan insanların hamısı futbola axışır. O insanların səmimiyyətinə inanmıram. Mən illərdir futbolun içindəyəm və təsəvvür edin, təklif olunur ki, gəl kənd təsərüfatında çalış. Bir ildən sonra Azərbaycanda bilirsiz nə baş verəcək? Lənkəranda taxıl, Şamaxıda pomidor, xiyar, Şəkidə pambıq əkiləcək. Çünki mən bu sahəni bilmirəm, necə ki Azərbacan futbolunda futbolu bilməyən insalar var. Müşahidə Şurasının üzvləri maaş almaqla məşğuldurlar. Dünya təcrübəsində MŞ üzvləri təyinat yox, seçim yolu ilə iş başına keçirlər. Və heç bir futbol federasiyası klublara diqtə etmir, etməsi də mümkün deyil. Almaniyanı İngiltərəni götürək. Almaniyada ölkə qanunları imkan vermir ki, əcnəbi biznesmenlər “Bavariya”nı, “Şalke”ni, ya da “Borussiya”nı alsınlar. Müəyyən titullu sponsor ola bilərlər, amma klubu özəlləşdirə bilməzlər. İngiltərədə tam fərqlidi, ölkə qapıları açıb, deyib buyurun. Abramoviçdən tutmuş, ərəb şeyxlərinə qədər klub sahibidirlər bu ölkədə. Bu məsələrin heç birini Azərbaycanda həyata keçirmək mümkün deyil. Çünki bizdəki şərait buna imkan vermir. Dünyada qəbul edilib ki, futbol biznesdir. Klublar teleyayım, sponsor, azarkeş və transfer amilindən pul qazanır. Bizdə isə bu anlayışlar başqa cür başa düşülür. Sizə bir fakt deyim, bizim vaxtda “Neftçi” Milan “İnter”i ilə Bakıdakı oyundan 350 min dollar pul götürmüşdü. Onda da biletlərin yarısı minimal qiymətə idi. Bu məbləği “Neftçi” hətta hər ev oyununda stadionu doldursa da, bir mövsüm ərzində qazana bilməz. Gəlin baxaq, AFFA rəhbərliyi son 10 ildə bölgələrimzdə daha çox olub, yoxsa Avropada? Ona görə də, bölgədə klub yoxdur, getdikcə də süquta uğrayır. Onların idealogiyası Azərbaycan futboluna xidmət etmək yox, təyyaradən düşməyib Avropanı gəzməkdir.

– Tahir bəy, 3 klubda faktiki olaraq MŞ var. Onların bu ilki fəaliyətini ümumi necə dəyərləndirirsiz? “Netçi”dəki MŞ-nin son qərarına necə baxırsız? Son iclasın qısa icmalı belədir – rəhbərliyin görmüş olduğu işlər məqsədəuyğun sayılıb. Onlar öz işlərinə qiymət verib, istəyirəm, siz də həm onların, həm də digər iki klubda faktiki mövcud olan MŞ-lərin işinə qiymət verəsiz.
– “Sumqayıt” bəllidir, bu klub haqda danışmağa dəyməz. Bu şəhər futbol şəhəridir. AFFA yaranandan 50-dən çox klub dağılıb. 50-dən çox klubun 25-i günahkardırsa, bəs digərləri niyə dağıdıldı? Deməli, idarəçilik düzgün qurulmayıb. Azərbaycan futbolunda sistem yoxdur. Sumqayıt, Gəncə, Tovuz, Zaqatala, Bakı, Lənkəran kimi bölgələr Azərbaycan futbolunun məkkələri sayılıb. Son 5-10 ildə nə baş verib? “Sumqayıt” nəticələrə görə liqanı tərk edib, amma tərk etməyib. Necə işdirsə, turnir cədvəlində sonuncu olan digər bütün klublar liqanı tərk edib, amma “Sumqayıt”a olmaz. “Kəpəz”in uğurlarının MŞ-na heç bir dəxli yoxdu. “Kəpəz” hər oyuna 10-15 min azarkeş toplaya bilən komandadır. “Neftçi”yə gəlincə, komanda uğursuzdur, amma bütün şərait yaradılıb? Yaxşı, onda Samir Əliyev, Əsgər Abdullayev və sonradan Vəli Qasımovu kim təyin etmişdi? Bəlkə jurnalistlər, azarkeşlər referendum yolu ilə təyin etmişdi onları? “Neftçi”yə çox söz deyə bilmərəm, 6-cı yer göz qabağındadır. Hansı işlərini qənaətbəxş sayırlar? Kubokun finalına çıxmaq “Neftçi” üçün nə vaxtdan uğur sayılıb? Bunlar özünəbəraətdən başqa bir şey deyil. Söhbət “Neftçi”dən gedir, sıradan klubdan yox. Çingiz Abdullayevin ara-sıra səmimiyəti göz önundə ola bilir. “Neftçi”yə ikinci yer yaraşmır deyirdi. Yaxşı, yaraşmırsa, MŞ-nin bu qərarı heç yaraşmır. Müşahidə Şurası elə qıraqdan müşahidə etməklə məşğuldur. Günahı artıq heç kimdə yox, içəridə axtarmaq lazımdı. Son addımlar da, komandanın finala çıxması və azarkeşlərin artıq səbir kasasının dolması, etirazların son həddə çatması bunları silkələdi və 6-cı yeri təmin etdilər. “Neftçi” Avroliqaya vəsiqəni öz əməyi sayəsində qazanmayıb, bunu da uğur saymasınlar. Bir klubun cəzası, bir klubunda debütant olması nəticəsində avrokuboklara yol açılıb.

– Başqalarının bədbəxtliyi üzərində qurulan xoşbəxtlik…
– Belə deməzdim. “Zirə”ni kənara qoyaq, debütant idi. “İnter”in durumuna gəlincə. Normal fəaliyyət göstərəydilər, cəzalanmazdılar. Mənim olduğum dönəmdə o qədər uğurlar qazanıldı, biz maksimum 25 legionerdən istifadə etmişik. Amma “İnter”, “Xəzər Lənkəran”, “Bakı” mövsümə 20-25 legoner istifadə edir. Hətta 30-u keçirdi. Bunun da səbəbi ölkə futbolunda qanunların olmaması idi. 

– Cəzadan sizin "Neftçi"yə rəhbərlik etdiyiniz dönəmə də pay düşüb…
– “Neftçi”yə 7 milyon pul qazandırmışıq. Yaxşı, demirlərmi 1 milyon cəza kəsilib? O 7 milyondan 1 milyonunu çıx, qaldımı 6 milyon? Sonra? Almaniyada sifariş vərəqinə salınan 25 futbolçudan 10-u yerlidir, bizdə əgər 6+5 limiti qoyulubsa, ümumi sifariş vərəqində maksimum 9-10 legioner olmalıdır. Və əgər meydana çıxan legionerlərə limit varsa, niyə MŞ yaratmaq istəyən bir qurum qərar qəbul etmir ki, komandanın sifariş ərizəsində də legioner limiti olmalıdır? Onda görüm, klublar 10-cu legioneri necə gətirəcəklər. Bu da xeyli vəsaitin qənaət olunması deməkdir. Doğrusu da budur…  

Saleh Arslan

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı