Futbol

Tahir Gözəl: “Təslim olmayacağıq, axıra kimi vuruşacağıq” – MÜSAHİBƏ

10.05.2012 , 09:54

"Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibə verib. Korner.az həmin müsahibəni sizə təqdim edir.

– Tahir bəy, hər zaman komanda ilə birgə olanda nəinki idman, daha çox ümumibəşər məsələlərə toxunmaqla yadda qalırsız…
– “Qarabağ” bizim üçün sadəcə futbol komandası deyil. İnsanlaşmanın, günü-gündən qloballaşan dünyamızda məsuliyyətimizin daha da artdığı məqamda insan faktorunun qiyməti hər an çoxalır. Biz bir ailə olaraq bir-birimizə daha çox bağlıyıq. Bir-birimizi sevdiyimizə görə içimizdəki gözəllikləri üzə çıxarmağa çalışırıq.

– Hər halda klub rəhbərinin futbolçularını “planetarium”a gətirilməsi xoş bir təəccübə səbəb oldu.
– Futbol komandası daim bir futbol stressinin içində olur. Burda məqsədimiz komandanı bir kosmos səyahətinə çıxarıb, onları bu stressdən uzaqlaşdırıb vacib oyunöncəsi rahatlaşdırmaqdır. Bakımızda belə möhtəşəm “planetarium” varsa, ondan faydalanmaq lazımdı. Belə vacib oyunöncəsi komandamızın yanında olmalıyıq. Zənnimcə, bu bizə faydalı oldu. Komandanın stressdən qurtulmasını görmək xoş idi.

– Adətən klub rəhbərləri komandalarını ancaq xoş gündə xatırlayırlar. Amma siz çətin məqamlarda komandaya sahib çıxmağı xoşlayırsız.
– Bir komandanın yaxşı və pis günü olmur. Bu mübarizədir. Heç bitməyən mübarizə. Əgər amalımız uğrunda sona qədər vuruşacağıqsa daim bir olmalıyıq. Komanda daim öz birliyini hiss etməlidi. “Qarabağ”ın bir fəlsəfəsi var: əvvəl mənəviyyat, ardınca birlik-bərabərlik. Bunu heç kimsə dağıda bilməz. Heç bir güc, heç bir məğlubiyyət, heç bir itki bizim ruhumuza təsir göstərə bilməz. Eyniylə, uğur qazandığımızda belə öz yolumuzu gedəcəyik. Məğlubiyyət də bizim üçün dünyanın sonu deyil. Bir də ki, meydan düz, top yumrudur. Burda hər saniyənin öz hökmü var. Ən ümidsiz məqamda belə ümid işığı yana bilər. Mən istəyirəm ki, “Qarabağ” daim təslim olmayan, sona qədər mübarizə aparma fəlsəfəsini özünə aşılasın. Bu bizim mütləq həqiqətimizdir. Mənə görə “Qarabağ”ın anlamı budur. Bu, bizim mesajımızdır bütün dünyada: “Biz təslim olmayacağıq, biz axıra kimi vuruşacağıq”. Bizim 1 milyondan çox məcburi köçkünümüz var. Bu mübarizə, təslim olmama ruhu bizim duruşumuza və futbolumuza da yansımalıdır.

– Tahir bəy, hər zaman vacib matçlardan öncə fərqli motivasiya üsüllarından yararlanırsız. Bu dəfə nə düşünmüsüz?
– “Qarabağ” Avrokuboklarda Azərbaycanın ən uğurlu təmsilçisidir. Bu həmin komandadır ki, 3 il bütün məmləkətə sevinc bəxş edir. Mən hər zaman futbolçularıma deyirəm ki, “Qarabağ” qadirdir. “Qarabağ” üçün mümkünsüz heç nə yoxdur. Son illər stabilliyimiz göz önündədi. Mən komandama, azarkeşimə inanıram. İnanıram ki, biz adımızın böyüklüyünü bir daha göstərəcəyik. “Qarabağ”ın adı Avropada hallanmalıdır. Bu bizim borcumuz, məqsədimizdir. Ona gərə də tək hədəfimiz var: Avropa!

– “Qarabağ”ı ən çətin məqamda qəbul etmisiz. Azərbaycanda ən uzun müddətə çalışan klub rəhbərisiz. İlk gündən bugünə nələr dəyişib?
– Mən bu misalı xatırlamağı çox xoşlayıram. Mən heç vaxt unuda bilmirəm ki, Londonda taksiyə minəndə, sürücü məndən haralı olduğumu soruşdu. Dedim ki, Azərbaycanlıyam. Deyəndə fikirləşdim ki, yəqin neft ölkəsi olduğumuza görə bizi tanıdı. Dedim neftimizə görə tanıyırsan? Dedi ki, yox! Onun “Qarabağ”ın “Rusenborq”u udduğunu görə Azərbaycanı tanıdığını deyəndə mənim hansı hallar keçirdiyimi təsəvvür edə bilməzsiniz. Bu, bizim qələbəmiz idi. Dünyaca məşhur Stiv Maklarenin “Siz, “Qarabağ”la fəxr etməlisiz” deməsi bizim üçün ən böyük hədiyyədir. Demək, neçə illər çəkdiyimiz əziyyət boşa getməyib. “Qarabağ” Azərbaycanı beynəlxalq aləmdə tanınmasında az iş görmədi. Təbii ki, bu bizim üçün son deyil. Bu il də Avrokuboklara vəsiqə qazanıb uğurla çıxış etmək ən böyük hədəfimizdir.

– Belə vacib oyun öncəsi hər kəs rəhbər sözü gözləyir.
– Mən tərəfdarlardan möhtəşəm dəstək gözləyirəm. Stadionda olan və olmayanlar, ürəyi “Qarabağ”la döyünən hər bir insan duası ilə “Qarabağ”ın yanında olmalıdır. İnanıram ki, Lənkəranda azarkeşlərimiz bütünlüyümüzün nəticəsi olaraq “Qarabağ”ın zəfərini qeyd edəcəklər.

Son yazılar

Yuxarı