Futbol

Tahir Gözəl: “Reynaldo getməli idi” – MÜSAHİBƏ

30.01.2017 , 07:21

Azərbaycan Premyer Liqasının XV turunda baş tutan "Qarabağ" – "Neftçi" oyununda bərabərlik qeydə alınıb – 1:1.

Korner.az-ın məlumatına görə, oyundan sonra "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl əməkdaşımızın suallarını cavablandırıb:

 

– Oyun haqda nə deyə bilərsiz?

– "Neftçi"ni təbrik edirəm. Yaxşı futbolçularla gücləniblər. Onların həm fiziki göstəriciləri, həm də oyun tərzləri yaxşıdır. "Neftçi" yenilənmiş heyətlə ilk oyununa çıxdı. Hesab edirəm ki, bərabər səviyyəli futbol oynamaq üçün təcrübələri yoxdur. Buna baxmayaraq, rəqibdə çox yaxşı motivasiya gördük. "Neftçi" bizim həmişə hörmət etdiyimiz rəqibdir. Rəqibi belə görmək mənə xoşdu. Çünki əsas komandaların güclənməsi Avropada şansımızın yüksəlməsi anlamına gəlir. Çempionatda çətinlik görməliyik ki, Avropada da mübarizə aparmaq üçün gücümüz olsun. Mən məsələyə belə yanaşıram. Bu gün həqiqətən də baxımlı oyun izlədik. "Qarabağ" pressinq etdi, öz oyununu oynadı. Düşünürəm ki, sürətli, həyəcanlı və maraqlı matç oldu.

 

– Bu oyunda meydanda gözünüz kimi axtarırdı?

– Məncə, yaxşı oynayan oyunçular var idi. Gənc qapıçımız da özünü sübut edə bildi. Hesab edirəm ki, bu gün təmiz bir oyun oynadıq.

 

– Reynaldonun komandadan getməsi ilə bağlı nə deyə bilərsiz?

– Reynaldo üçün hər kəs darıxır. Ancaq bu, futboldur, həyatdır, dəyişiklikdir. Reynaldo getməli idi. Ona yeni klubunda uğuurlar arzu edirəm. Ancaq hesab edirəm ki, bu gün Dino, Dani, hücum xəttimiz çox yaxşı futbol oynadı.

 

– Rəqibləriniz xeyli güclənib. Necə düşünürsüz, çempion olmaq "Qarabağ" üçün çətin olmayacaq?

– Bəli, biz çox çətin matçlara hazırlaşırıq. Bilirsiniz ki, rəqiblər "Qarabağ"la matçlarda ən yaxşı oyunlarını oynamağa çalışırlar.  Düzdür, "Qəbələ" də bərabərlik etdi. "Qarabağ" ikinci pillədəki komandadan cəmi 1 xal öndədir. Yox, rahat deyilik. Sözsüz ki, bu çempionat çox çətin keçəcək.

Son yazılar

Yuxarı