Futbol

Tahir Gözəl: “Qarabağın adını dünyaya yayan komandaya yaxşı nəticə yaraşır”

28.11.2019 , 00:12

Avropa Liqasının qrup mərhələsinin V turunda İspaniyanın “Sevilya” klubunun qonağı olacaq “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb.

Korner.az xəbər verir ki, o, əvvəlcə oyun barədə fikirlərini bildirib:

– Çox önəmli oyun olacaq. “Sevilya” İspaniyanın ən böyük üç klubundan biridi. La Liqanın turnir cədvəlində “Barselona” və “Real”la aralarındakı xal fərqi 1-ə enib. Bizim iddiamız mərhələ adlamaqdı və bunun üçün şansımız var. Sabahkı oyundan çox şey asılıdı. Qurban Qurbanovla söhbət etmişəm. Sabah komandamızdan möhtəşəm oyun gözləyirəm. Nəticəni futbolda daha öncədən bilmək olmaz. Azərbaycan xalqına, Qarabağın adını dünyaya yayan komandaya yaxşı nəticə yaraşır.

– “Qarabağ” bir dəfə İspaniyada “Atletiko” ilə heç-heçə etmişdi. Sabah komandaya nə lazımdı ki, yaxşı nəticə qazansın?

– “Sevilya” və “Atletiko” fərqli oynayır. Biz “Atletiko” ilə iki dəfə heç-heçə etdik. Rəqib nəhəng klubdu. Amma biz imkansızları bacaran klubuq və komandaya inanırıq. Əsas odur ki, meydana cəsarətli çıxaq, mübarizə aparaq. Qurban Qurbanov və futbolçularla danışmışam. Sabah onlarda bu cəsarəti görmək istəyirəm. Bunu seyr edəcəyimizə inanırıq.

– “Sevilya” növbəti mərhələyə vəsiqəni təmin edib. Bu “Qarabağ”a xeyir edə bilər?

– “Qarabağ”ın adı yaxşı futbol oynayan komanda kimi tanınır və insanlar bizi ciddi qəbul edir. Mən bunun şahidi olmuşam. Klub rəhbərləri ilə danışanda deyirlər ki, “Qarabağ” sürpriz elementdi. Sabah meydanda qoçaq komanda görəcəyimə inanıram. İnanmıram ki, komanda meydana rahat çıxsın. Belə şeyə heç vaxt inanmaram.

– İki gündü komanda ilə birgəsiz. Bu oyunun önəmi də yəqin ki, sizi narahat edir. Ürəyinizdə nəticəyə inam var?

– Mən heç vaxt nəticəyə baxmamışam. Nəticə məndən asılı deyil. Özümdən asılı olan amillərə diqqət yetirirəm. “Qarabağ”ın fəlsəfəsi nəticə qazanmaq deyil. Biz sabah möhtəşəm oynamalıyıq, qorxaq olmamalıyıq, müdafiəyə çəkilməməliyik, sözümüzü deməliyik, hücuma getməli, sözümüzü deməliyik. Bizə lazım olan odur ki, sabah burdakı insanlar “Qarabağ”ı alqışlasın. Nəticəyə heç baxmıram. Qurban müəllimlə də söhbətimiz belə oldu ki, sabah “Qarabağ”ı cəsarəti və oyununa görə alqışlasınlar.

– Futbolçularla söhbətiniz olub?

– Sabah bir neçə ürək sözüm olacaq. Elə sözüm bu olacaq ki, bizi qürurlandırın. Onlara meydana 100 faiz qələbə üçün meydana çıxmalarını deməyəcəm, qismətdir və bir az da şansdı. Sabah ən möhtəşəm “Qarabağ”la meydana çıxmalarını istəyəcəm. Daha öncə bunu ediblər. Bu mesajım var onlara.

– İspaniyadakı Azərbaycan səfirliyi oyuna gələcək?

– Mən bura yeni gəlmişəm. Məlumatım yoxdu. Ancaq 100 faiz əminəm ki, olacaqlar. Lüksemburqda “Düdelanj”la oyunda səfirliyimizin dəstəyi böyük olmuşdu. O biabırçılıq zamanı əl-ələ verib, böyük qüvvə yaratmışdıq. Nəticədə də bizdən üzr istədilər. Ona görə də dəstək üçün sabah onların yolunu gözləyirik.

– Sabah neçə azərbaycanlı azarkeş stadionda olacaq?

– Məlumatlı deyiləm.

Son yazılar

Yuxarı