“Barselona”nın əfsanəvi futbolçusu, ömrünün 20 ilini bu kluba həsr etmiş Xavi Hernandes artıq karyerasının qürub çağını yaşayır. İspan futbolçu növbəti mövsümdən Qətərin “Əl-Sədd” klubunda çıxış edəcək. Xavinin burada ilinə 10 milyon avro qazanacağı yayılan xəbərlər arasındadır. O, güclü futbolçudan əvvəl, “Barselona” azarkeşleri nümunəvi şəxsiyyət, klubuna ürəkdən bağlı biridir. Biz də öz növbəmizdə onun Kataloniya klubundakı illərindən bəzi önəmli məqamları xatırlatmağı özümüzə borc bilirik.
Xavi “Barselona”formasını ilk dəfə 18 avqust 1998-ci ildə “Malyorka”ya qarşı keçirilən İspaniya Superkuboku qarşılaşmasında geyinib. Həmin vaxt komandanın baş məşqçisi Lui Van Qal idi. Xavi debüt oyununda qol vursa da, “Barselona” meydandan 1:2 hesablı məğlubiyyətlə ayrıldı. Liqadakı ilk görüşünə isə dekabr ayında çıxacaqdı. Xavi 1999-2000 mövsümündən etibarənn “Barselona”nın heyətində müntəzəm olaraq yer almağa başladı. Həmin mövsüm o, Lui Van Qalın başçılığı altında 38 matçda meydana çıxdı. Ulduz futbolçunun İspaniya milli komandasındakı ilk sınağı isə 15 noyabr 2000-ci ildə Hollandiyaya qarşı keçirilən görüşdə baş tutub.
2000-2001 mövsümü isə Xavinin Qvardiola ilə çiyin-çiyinə oynadığı son mövsüm idi. Qvardiolanın ayrılmasından sonra isə onun mövqeyində Xavi çıxış etməyə başladı. 2001-2002 mövsümündə “Barselona”da işlər heç də yaxşı getmirdi. Buna rəğmən Hernandes cəmi 21 yaşda əsas heyətin əvəzolunmaz üzvünə, baş məşqçinin meydandakı döyünən ürəyinə çevrilməyi bacarmışdı. Yarımmüdafiəçi “Barselona”nın əzəli rəqibi “Real”a (Madrid) qarşı ilk qolunu 16 mart 2002-ci ildə 1:1 hesabı ilə başa çatan görüşdə vurdu.
İspaniya milli komandası DÇ-2002-də evsahibi komanda Cənubi Koreyaya oyunsonrası penalti zərbələri nəticəsində məğlub oldu. Xavi bu turnir ərzində 3 görüşdə meydana çıxdı. Maraq üçün qeyd edək ki, Hernandes Cənubi Koreya ilə görüşdə ona həvalə olunan penalti zərbəsini dəqiq yerinə yetirmişdi. 2002-2003 mövsümündə isə Lui Van Qal yenidən komandanın başına keçsə də, qısa müddətdən sonra yerini Radomir Antiçə verdi. Xavi isə sözügedən mövsümdə 44 rəsmi görüşdə meydana çıxdı. Artıq nəticələr get-gedə yaxşılaşırdı. 2003-2004 mövsümündə Ronaldinyonun transferi, Fran Raykaardın baş məşqçi postuna təyinat alması katalonların əvvəlki gücünü geri qaytardı. Qəhrəmanımız isə həmin mövsüm 46 matçda komandasının şərəfini qorudu.
Samuel Eto`O və Deko transferləri ilə 2004-2005 mövsümündə “Barsa” “at belinə qalxdı”. Belə ki, katalonlar həmin mövsüm 6 illik həsrətə son verərək La Liqa çempionu oldu. Xavi həmin mövsüm 45 oyunda forma geyindi. 2005-2006-cı illər mövsümü isə ispan futbolçu üçün təəssüfləndirici məqamla əlamətdar oldu. Belə ki, Hernandes ağır zədə üzündən həmin mövsüm 5 ay meydana çıxa bilmədi. Buna rəğmən onun klubu Çempionlar Liqası və La Liqanın qalibi oldu. Qeyd edək ki, əfsanəvi futbolçu həmin zədə üzündən “Arsenal”a qarşı keçirilən Çempionlar Liqası finalında komandasının qələbəsinə kənardan şahidlik etməli oldu.
2006-2007-ci illər mövsümündə isə Xavi və “Barselona”nın yeganə təsəllisi İspaniya Superkuboku oldu. “Barsa”nın qarşısını Çempionlar Liqasında “Liverpul”, İspaniya Kral Kubokunda “Xetafe”, La Liqada isə “Real” (Madrid) aldı. 2007-2008-ci illər mövsümü də bu klub üçün uğursuz məqamlarla zəngin oldu. Ronaldinyo və Dekonun zəifləməsi ilə “Barselona” La Liqada üçüncü pillə ilə kifayətləndi. “Barselona” ilə keçirdiyi uğursuz mövsümə baxmayaraq, Xavi Avro-2008-də İspaniya milli komandası ilə çempion oldu. Digər yadda qalan məqam onun turnirin ən yaxşı futbolçusu seçilməsi idi.
2008-2009-ci illər mövsümündə isə “Barsa”nın baş məşqçisi postuna Pep Qvardiola gətirildi. Bu, həm də köhnə dostların yenidəm görüşməsi idi. “Barselona” mövsümü fantastik şəkildə keçirərək bütün mümkün kubokları qazanarkən Xavi “Real” (Madrid) üzərində qazanılmış 6:2 hesablı zəfərdə 4 qolun ötürməsini verdi. Maraq üçün bildirək ki, həmin il katalonlar Çempionlar Liqası finalında “Mançester Yunayted”i (2:0), İspaniya Kral Kubokunda isə “Atletik Bilbao”nu (4:1) məğlub etmişdi.
2009-2010-cu illər mövsümündə isə “Barselona” liqada fırtına kimi əsərək birnəfəsə 99 xal topladı. Qəhrəmanımız həmin mövsüm 53 rəsmi oyunda çıxış edərək 7 qola imza atdı. 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında Xavi İspaniya milli komandasına 7 görüşdə kömək etdi. Nəticədə isə o və yoldaşları kuboku başları üzərinə qaldırdılar. 2010-2011-ci illər mövsümü də “Barselona” üçün major notlarda bitdi. 2011-ci ilin yanvarında o, “Barselona”da ən çox oyun keçirmiş futbolçu kimi tarixə keçdi. Həmin ana qədər 17 il ərzində 750 oyun keçirmiş Xavinin rekordunu yaxın illərdə kiminsə qıra biləcəyi inandırıcı deyil. 2010-2011-ci illər mövsümünü “Barselona” La Liqa çempionu kimi bitirsə də, Kral Kubokunun finalında əzəli rəqib “Real”a (Madrid) əlavə vaxtda Ronaldonun vurduğu qolla məğlub oldu. Əsas hadisə isə təbii ki, Çempionlar Liqasında yenidən “Mançester Yunayted”in (3:1) məğlub edilməsi idi.
Xavi və Pep Qvardiolanın birlikdə qazandığı son kubok isə 2011-2012-ci illər mövsümünün sonunda əldə edilən Kral Kuboku idi. Finalda məğlub edilən komanda “Atletik Bilbao” oldu – 3:0. Lakin kataloniyalılar La Liqada “Real”ın (Madrid), Çempionlar Liqasında isə “Çelsi”nin çempionluğuna mane ola bilmədilər. Amma Xavi bunun əvəzini Avro-2012-nin çempionu olmaqla çıxdı. Hernandes Visente Del Boske üçün də əvəzolunmaz fiqur idi. “Barselona” 2012-2013-cü illər mövsümünü La Liqada çempion kimi başa vursa da, Tito Vilanovanın xərçəng xəstəliyinə tutulması xoşbəxtliyi kədərə çevirdi – Vilanova 25 aprel 2014-cü ildə həyata gözlərini yumdu.
Xavinin “Barselona”dakı gələcəyi ilk dəfə keçən il “Atletiko” (Madrid) ilə çempionluq görüşündə sual altına düşdü. Komandanın qələbəyə ehtiyacı olduğu bir vaxtda baş məşqçi Xerardo Martino onu ehtiyatda saxladı. 1:1 hesabı ilə başa çatan görüşün sonunda “Atletiko” (Madrid) çempion olarkən, “Nou Kamp”dan ayrılan Xavi yox, Martino olacaqdı. DÇ-2014-ə də favorit qismində yollanan İspaniya milli komandası burada fiasko yaşadı. Belə ki, pireneylilər yarışla elə qrup mərhələsindəcə vidalaşdı.
2014-2015-ci illər mövsümü isə Xavinin “Barselona”dakı son ili oldu. Əslində, o komandadan daha əvvəl də ayrıla bilərdi. Sadəcə, Luis Enrikenin xahişi onun gedişini bir qədər təxirə salmışdı…
Hazırladı: Ürfan Məmmədzadə
