Bu gün Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qəbələ” səfərdə AZAL-la 1:1 hesablı bərabərlik əldə edib.
Korner.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:
– Futbolçularıma təşəkkür edirəm. Sonadək mübarizə apardılar. Ötən oyuna nisbətən topla daha yaxşı oynayırdıq. Son dəqiqə qolu bizə 1 xal qazandırdı. Çox vacib xal idi. Çalışdıq müdafiədə diqqətli olaq. Bilirdik ki, əlimizə düşən imkanlardan istifadə etməliyik. Belə də oldu.
– Kamil Hüseynovun durumu nə yerdədir?
– Tural və Kamilin hər ikisi zədələnib. Turalın zədəsi daha ciddidir. Hazırda bu barədə nəsə demək çətindir.
– 7-ci pillə ilə xal fərqi çoxdur. Bütün bunları nəzərə alaraq, futbolçuları necə motivasiya edirsiz?
– Oyundan oyuna motivasiya aşağı düşür. Bu, praktiki cəhətdən mümkün deyil. Sadəcə, futbolçuların özünəinamı var. Ümid sonda ölür. Onlar öz gələcəyini də düşünürlər.
– Hazırda heyətdəki 4 futbolçu “Qəbələ”də çıxış edib. Oyundan öncə sizə nəsə dedilərmi?
– Mən həmişə demişəm ki, keçmiş komandalarda olanları unudun. Bəlkə də ürəylərində bunu fikirləşiblər, amma mən onları başqa cür motivasiya etməyə çalışıram. (sportal.az)
