Tərlan Əhmədov: “Qırmızı vərəqə bütün planlarımızı pozdu”
16.08.2019 , 21:42

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün açılış – “Keşlə” – “Qarabağ” (0:1) matçından sonra təşkil edilən mətbuat konfransında Bakı klubunun baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, o, əvvəlcə məğlubiyyəti şərh edib…
– Oyunun əvvəlində həyəcan var idi. Komanda getdikcə həyəcanını atmağa başladı. Sürətli hücumların hesabına keçməliydik rəqibi. Qırmızı vərəqə bütün planlarımızı pozdu. Ümumilikdə normal mübarizə apardıq. Komandanın mübarizəsi ürəkaçan idi.
– Emin Mehdiyevə cəza veriləcəkmi?
– Futbolçularıma həmişə demişəm ki, üzbəüz mübarizədə qırmızı vərəqə alsaz, onu öz cibimdən ödəyərəm. Ancaq futbolçu elə etməlidir ki, komandaya zərər verməsin. Onun bu hərəkəti bağışlanmazdır.
– Eminin yerinə başqa təcrübəli futbolçunu oyuna daxil edə bilməzdiz?
– Siz başqa tərəfdən baxırsız, biz başqa. Ruslan Qurbanov yorulmuşdu. Əmircanov uzun müddətdir ki, oynamır, Sadiqovun da mövqeyi deyildi. Bu məsələlər getdi artıq. Oyundan oyuna inkişaf etməliyik. Bu səhvlər təkrarlanmamalıdır.
– Ruslan Qurbanovun hazırlığında nə problem var?
– Onun bir az zədələri oldu. Bu gün də onun təcrübəsindən istifadə etmək istəyirdik. 90 dəqiqə meydanda qala bilməyəcəyini bilirdim. Onu ilk hissədə dəyişmək istəyirdim, ancaq etmədim.
– Bu çempionatda hədəfiniz nədir?
– Qarşımıza mükafatçılar sırasında olmaq hədəfi qoyulub. Əfranı da heyətimizə qatmışıq. Bu oyun bizə ümid verdi.
– Əfranın tam hazır olması üçün nə qədər zaman lazımdır?
– Formasından uzaqdı. Onu milli komandanın oyunundan sonra meydanda görə bilərsiz.
– Transferlər gözlənilirmi?
– Xeyr.
