Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Təbriz Həsənov Bakıdakı Avropa çempionatında Portuqaliya yığması ilə görüşdən sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, Həsənov əvvəlcə oyun barədə danışıb…
– Əslində mən də gözləmirdim. Ən çox ehtiyat etdiyim erkən qol idi. O da oldu. Belə rəqiblə oyundan sonra gərginlik öz sözünü dedi. Ən zəif oyunumuzu sərgilədik. Rəqib bizi hərtərəfli üstələdi. Hesab da oyuna görə oldu.
– Qarşıdakı oyunlara komandanı hazırlamaq çətin olmayacaq?
– Qarşıdakı 2 oyuna komandanı psixoloji cəhətdən hazırlamaq çətin olacaq. Mənim haqda nəsə deyə bilərsiniz. Amma uşaqların üzərinə getməyək. Qrupdan çıxmaq üçün şansımız var. Bunu qarşıdakı görüşlərdə qələbə qazanmaqla gerçəkləşdirmək olar.
– Hazırlığın yüksək səviyyədə olmadığı fikri ilə razılaşmırsınız? Bu nəticəyə görə üzr istəmək fikriniz var?
– Təbii ki, üzr istəsəm də, istəməsəm də, mən də azərbaycanlıyam. Mən də istəməzdim belə nəticə olsun. Qarşıdakı 2 oyundan sonra üzrxahlıq barədə danışaram. Aprelin 18-dən hazırlaşırıq. Təbii ki, üstümüzdə məsuliyyət var. Amma futbolçular əsas hazırlığı bizim komandada keçmirlər.
– Pilağa Mehdiyevin start heyətində başlamamasına səbəb nə idi?
– Mən son məşqlərdə özlərini göstərənləri əsas heyətə buraxmışdım. Pilağa isə özünü yaxşı tərəfdən göstərməmişdi. Həm də götürdüyümüz testlər də onun yaxşı hazırlıq səviyyəsində olmadığını göstərdi.
– “İnter”dən bombardir Raul Süleymanzadəni milliyə götürməməyinizin səbəbi nədir?
– İndiki heyətdəkilərin heç biri U-17 liqasında oynamır. Hamısı əvəzedici heyətdə çıxış edənlərdir. U-17 liqasındakıların oyunçuları heç biri burada oynaya bilməz. Hazırda ən güclü futbolçular yığmadadır. İnanmırsınızsa, özünüz gedin, dediyiniz futbolçuları yerindəcə izləyin.
– Seçmə mərhələdə iştirak etməməyiniz bu nəticədə rol oynaya bilərmi?
– Təbii ki, mənfi təsiri var. Bu komanda 15 yaşından bir yerdədir. Futbolçular seçmə mərhələnin gərginliyini yaşamayıblar. Portuqaliya həqiqətən güclüdür.
– 6 legionerlə 0:5. Daha neçə legionerə ehtiyacınız var?
– Onların heç biri legioner deyil. Bu gün meydanda oyunu ilə nə isə etmək istəyən futbolçular var idisə, onlar xarici çempionatda oynayanlar idilər. (sportnet.az)
