Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov oyunların təbii örtüklü meydançada keçirilməsi üçün cəhdlərini davam etdirir
Futbolçuların zədədən qorunması və oyunların keyfiyyətinin yüksəldilməsi baxımından təbii ot örtüyünün vacibliyini daim dilə gətirən Qurban Qurbanov öz fikirlərini AFFA prezidenti Rövnəq Abdullayevə də bildirib. Nəticədə, bu gün keçirilən İcraiyyə Komitəsində daha 3 stadionun ot örtüyünün dəyişdirilməsinə qərar verilib. Bunlar “İnter Arena”, Zirə İdman Kompleksinin stadionu və “Kapital Bank Arena”dır. İşlərin ən pis halda gələn mövsümün ilk 5 turuna qədər yekunlaşdırılması nəzərdə tutulub. Dəyişikliklər başa çatdıqdan sonra elitanın demək olar ki, bütün komandaları təbii ot örtüklü meydançalardan yararlanacaqlar.
Çempion “Qarabağ” eləcə də “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Zirə”, “Keşlə” eləcə də elitaya gəlməsi an məsələsi olan “Sabah” klubu təbii otdan istifadə edəcək. Məsələ burasındadır ki, “Sabah”ın elitada yararlanmaq istədiyi “Əlincə Arena” təbii örtükklüdür. Təkcə “Səbail”in ev oyunlarını keçirdiyi “Bayıl Arena”nın örtüyü sünidir ki, o da yeni dəyişdirilib.
