Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Fransada keçirilən “Tour du Loir et Cher” yürüşündə mübarizəni davam etdirir.
Korner.az-ın Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, yarışın ikinci mərhələsində iştirakçılar 198 km məsafə qət ediblər.
Bu mərhələdə finişi liderdən 15 saniyə gec keçməklə 38-ci olan Maykl Şvayzer təşkilatçılar tərəfindən xüsusi mükafata layiq görülüb – o, 2-ci mərhələdə nümayiş etdirdiyi qələbə əzminə görə təltif edilib.
Komandamızın digər üzvlərinin çıxışına gəlincə, Aleksandr Surutkoviç və Patrik Leyn də Şvayzerlə eyni nəticəyə imza atıblar – 4 saat, 30 dəqiqə. 2 mərhələdən sonra ümumi sıralanmada “Synergy Baku” üzvlərindən ən yüksək göstərici Yan Sokola məxsusdur – o, liderdən 24 saniyə geri qalmaqla 13-cüdür.
Yeri gəlmişkən, səhhətindəki problemlər səbəbindən 1-ci mərhələdə istədiyi kimi çıxış edə bilməyən Konnor McConvey artıq yürüşdə çıxışını dayandırıb və indi “Synergy Baku” “Tour du Loir et Cher”də mübarizəni 5 velosipedçi ilə davam etdirir.
2 mərhələdən sonra “Synergy Baku” komanda hesabında 30 iştirakçı kollektiv arasında 6-cı yerdə qərarlaşır. Bu gün keçirilən 3-cü mərhələdə velosipedçilər 208 km məsafə qət etməlidirlər.
