Azərbaycan kubokunu ¼ final mərhələsinə start verilmişdir. Bu mərhələnin ilk oyunları çərçivəsində “Bakı” doğma meydanda “İnter”i qəbul etdi. Oyunun ikinci hissəsinə əlavə edilmiş dəqiqələrdə qol vuran “Bakı” ilk oyunda 1-1 hesablı nəticə əldə etdi.
Korner.az oyundan sonra keçirilən mətbuat konfransında hər iki komandanın baş məşqçilərininsəsləndirdiyi fikirlərlə tanış edir:
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Premyer Liqada “Neftçi”yə uduzduqdan sonra özümüzü göstərməli idik. Fikrimcə, bu gün bunu bacardıq, komanda yaxşı təsir bağışladı. İlk hissədə rəqibin təhlükəli vəziyyəti olmadı. İkinci hissədə gözəl qol vurduq. “Bakı” da baxımlı qola imza atdı. Kubok mübarizəsi 2 oyundan ibarət olduğundan, hər şeyə cavab matçında aydınlıq gələcək. Çempionatda bizi “Qarabağ”la vacib oyun gözləyir, futbolçular bu oyuna qədər bərpa olmalıdırlar”.
Bojidar Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “İlk oyun başa çatdı. Qarşıda bizi cavab oyunu gözləyir. Hər iki komanda bir-birini yaxşı tanıyır. Rəqibin əsas oyunçusu kimi Georgiyevskini neytrallaşdırmaq istəyirdik. Müdafiədə buraxdığımız səhv qapımıza qolla nəticələndi. Lakin özümüzü toparlaya bildik və cavab qolunu vurduq. Aqil Nəbiyevi hücumda oynatdıq və bu gediş öz bəhrəsini verdi”.