Topaz Premyer Liqasının 28-ci turuna “İnter”-“Rəvan” oyunu ilə yekun vurulub.
Korner.az-ın məlumatına görə, bazar günü keçirilməli olan oyun əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq yarımçıq dayandırılmış və oyunun bazar ertəsi keçirilməsinə qərar verilmişdi. Rəqibini 3-0 hesabı ilə məğlub edən “İnter” avrokuboklar uğrunda mübarizəsini davam etdirdi.
Güvenc Kurtar: “”İnter”i qələbə ilə təbrik edirəm, çox yaxşı oynadılar. Bu oyunu “Neftçi” ilə oyundan öncə sınaq kimi çalışdıq. Rəqibin iki cinah futbolçusu “Neftçi”də olduğu kimi hücum zamanı meydana daxil olur. Onların qarşısını ala bilmədik. Qapı dirəyindən dönən topumuz var idi. İkinci qolu buraxdıqdan sonra isə işimiz daha çətin oldu. Bütün gücümüzü kuboka yönəldəcəyik. Bundan sonrakı oyunlarda qələbə qazanmaq istəyirik. Kubokdan öncə “Sumqayıt” və “Qarabağ”la oyunumuz var. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. “Sumqayıt”ın son oyununu izlədim, əvvəlkindən çox fərqlənirlər. Hakimlərə təşəkkür edirəm, oyunu yaxşı idarə etdilər”.
Kaxaber Sxadadze: “Qəbələdə vacib qələbədən sonra gözəl oyunla 3 xalı qazandıq. Komandamı təbrik edirəm. Bugünkü oyun da vacib, öncəki turdakı uğuru möhkəmlətməli idik. Bu cür oyuna psixoloji hazırlaşmaq çətin idi. Rəqib daha psixoloji cəhətdən daha sərbəst idi. Qol vurmağımıza baxmayaraq, bəzi futbolçularda həyacan var idi. Fasilədə komanda ilə danışdıq, futbolçular özlərini ələ aldılar və ikinci hissəni böyük üstünlüklə başa vurdular. Avrokuboklar uğrunda mübarizədə psixoloji cəhətdən daha dözümlü olan komandalar mükafatçılar sırasına düşəcək. PFL-ə oyunu təxirə saldığı üçün təşəkkürümü bildirirəm. Dünənki şərtlərdə oyun heç bir komandanın xeyrinə getməzdi. Bu gün isə daha yaxşı hava şəraitində oynadıq, hər iki komanda baxımlı oyun göstərdi. 7-8 futbolçumuz sarı vərəqə limitində idi. İstənilən futbolçu lazımsız vərəqə alarsa cəzalanacaq”.
