“Yeni mövsüm öncəsi ikinci hazırlıq matçımızı oynadıq. Gərgin və maraqlı oyun oldu. Hər hissədə fərqli komandalarla meydançaya çıxdıq”. Korner.az-ın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Serbiya təmsilçisi “İndiya” ilə (0:2) qarşılaşmadan sonra fikirlərini gabalafc.az-la bölüşərkən deyib.
Türkyəli çalışdırıcı qarşıdakı yoxlama oyunlarında sabit heyətlə meydançaya çıxacaqlarını bildirib: “Sürətli bir komandaya qarşı yüksək tempdə mübarizə apardıq. Təbii ki səhvlərimiz oldu. Bu səhvlərimizi aradan qaldıracağıq. Hər şey planlaşdırdığımız kimi gedir. Qarşıda daha 4 oyunumuz var. Bu oyunlarda ideal 11-liyimizi formalaşdıracağıq. Arxada qoyduğumuz 2 oyun fiziki və taktiki baxımdan keçid oyunları idi. Artıq növbəti matçlarda meydançaya çıxan futbolçular 90, 80, 70 dəqiqə mübarizə aparacaqlar. Getdikcə matçları bir neçə əvəzetmə ilə tamamlayacağıq. Bu özünü qarşılaşmaların nəticələrində də göstərəcək. Hazırda məqsədimiz futbolçular arasında anlaşmanı, uyğunlaşmanı təmin etmək, möhkəmləndirməkdir”.
