Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sumqayıt” səfərdə “Zirə”yə 0:1 hesabıyla məğlub oldu. Oyunsonrası mətbuat konfransında cəzalı olan “kimyaçılar”ın baş məşqçisi Samir Abasovu onun köməkçisi Vəfadar Quliyev əvəz edib.
Korner.az-ın məlumatına görə, Quliyev oyunla bağlı bunları deyib:
– “Zirə”ni təbrik edirəm. Gərgin oyun getdi. İlk hissədə yaxşı təsir bağışlamadıq. İkinci hissədə isə öz oyunumuzu oynadıq. İkinci hissəyə görə futbolçulara təşəkkür edirəm.
– Bu gün Samir Abasovun texniki zonada olmaması nəticəyə nə dərəcədə təsir göstərdi?
– Əlbəttə, Samir müəllim olsa, daha yaxşı oynayardıq. Ancaq düşünmürəm ki, baş məşqçinin olmaması çox ciddi təsir göstərib.
– Oyunun əvvəlində Məhəmməd Qurbanov məşqçilər korpusuna kəskin etiraz etdi. Buna səbəb nə idi?
– Bu, futbolda olur. Fasilədə buna görə üzr istədi.
– Samir Abasov əvvəl cəzalı olduğu oyunda əvəzetmələri telefonla çatdırırdı. Bu dəfə necə idi?
– Bu dəfə tribuna ilə texniki zona arasında məsafə qısa olduğundan, buna ehtiyac qalmadı. (sportal.az)
