“Sumqayıt”dan yeni transfer
20.07.2023 , 11:16

2023/2024 mövsümünə hazırlıqları Türkiyənin Ərzurum şəhərində davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzalayıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi israilli yarımmüdafiəçi Roi Kahatı heyətinə cəlb edib. Klubun Ərzurumdakı düşərgəsinə qatılan futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Roi Kahat karyerası ərzində ölkəsinin “Makkabi Təl-Əviv”, “Hapoel Bir Şeva”, “Makkabi Yavne”, “Makkabi Hayfa”, “Makkabi Netanya”, həmçinin Avstriyanın “Avstriya” (Vyana) klublarında forma geyinib. 31 yaşlı futbolçunun son komandası İsrail təmsilçisi “İroni Kiryat Şmona” olub.
İsrailin bütün aşağı yaş qrupu millilərində oynamış yarımmüdafiəçi əsas yığmada da 5 matça çıxıb.
