"Sumqayıt" futbol klubu öz rəsmi internet saytında bəyanat yayımlayıb.
Korner.az həmin bəyanatı sizə təqdim edir:
"Son günlər mətbuat səhifələrində klubumuz haqqında bəzi xoşagəlməz açıqlamalar dərc olunmaqdadır. Səslənən qeyri-obyektiv fikirlər olduqca təəssüf doğurur.
"Sumqayıt" Futbol Klubunun hansı məqsədlər üçün yarandığı hərkəsə məlumdur. Ümumilikdə, klubumuz Premyer Liqada çıxış edən digər komandalar arasında ən çox yerli və gənc futbolçuların xidmətindən yararlanan kollektivdir. "Sumqayıt" FK yarandığı gündən ölkənin aparıcı klublarından gənc futbolçuları icarəyə götürməklə onlara premyer liqa təcrübəsi qazandırıb və futbolçuları milli komandalar üçün yetişdirib.
Son iki il ərzində A milliyə dəvət olunmuş Andrey Popoviç, Səlahət Ağayev, Ruslan Qurbanov, Murad Ağayev, Uğur Pamuk və Pərdis Fərcad-Azad kimi futbolçular "Sumqayıt" FK-da çıxış etdikdən sonra yığmanın çalışdırıcısı Berti Foqtsun diqqətini cəlb edib.
Bütün bunlara baxmayaraq, "Sumqayıt" Futbol Klubu tutduğu yolu davam etdirəcək və milli komandalar üçün istedalı gənclər yetişdirməkdə davam edəcək."
