Topaz Premyer Liqasının ikinci dövrəsinə hazırlaşan “Sumqayıt” Futbol Klubu növbəti transferini reallaşdırıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Azərbaycan U-21 millisinin sabiq yarımmüdafiəçisi Mirzağa Hüseynpuru heyətinə qatıb. 1990-cı il təvəllüdlü futbolçu klubumuzla 1,5 illik müqavilə imzalayıb.
Futbolçu ilk açıqlamasını da verib: “Azərbaycanın Goranboy şəhərində anadan olmuşam. Uşaq yaşlarımda ailəmlə birlikdə Rusiyaya köçmüşəm. Futbola da elə bu ölkədə başlamışam. 2005-2010-cu illər ərzində “Rostov” klubunda çıxış etmişəm. Əsas komandaya yüksəldiyim vaxt isə ağır zədə aldığım üçün burada möhkəmlənə bilməmişəm və “Mitos”a keçmişəm. Bu gün “Sumqayıt” Futbol Klubu ilə müqavilə imzaladım. İnşallah özümü yaxşı tərəfdən göstərib uğur qazanaram”
Qeyd edək ki, Mirzağa “Mitos”un heyətində 25 qarşılaşmada meydana çıxıb və 1 qol vurub. O, həmçinin vaxtilə Azərbaycanın U-17 və U-21 millilərinin şərəfini qoruyub.