Stolüstü tennisçilərimiz beynəlxalq yarışa qatılacaqlar
17.09.2023 , 14:38

Stolüstü tennisçilərimiz bu gün Gürcüstana yollanıblar.
Korner.az xəbər verir ki, seçmə komandamız sabah Batumi şəhərində keçiriləcək dünya seriyalı “WTT Youth Contender” turnirinə qatılacaq.
Gürcüstan sınaqlarında əvvəlcə qızlar qüvvələrini sınayacaqlar.
Məşqçilər Fərhad İsmayılov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nigar Mahmudova, Xədicə Əbilzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Aysu Ağayeva, Xədicə Eylazova və Yağmur Məmmədli sentyabrın 18-dən 21-dək qələbə uğrunda mübarizə aparacaq.
Sentyabrın 21-dən 24-dək isə məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırovdan ibarət komanda etimadı doğrultmağa çalışacaq.
