Futbol

SORĞU: “Neftçi”də nə baş verir? Çıxış yolu nədir?

21.08.2019 , 17:20

Avropa Liqasında “Bney Yehuda”ya qarşı mübarizədən məğlub ayrılan (2:2, 1:2) “Neftçi” Premyer Liqada yeni mövsümə də istədiyi kimi başlamadı. Çempionluğu hədəfləyən “ağ-qaralar” ilk turda öz meydanında “Sabah”la heç-heçəyə razılaşdı – 1:1. Meydanda yenə ruhsuz komanda, istədiyi heç nə alınmayan “Neftçi” gördük. Üstəlik, birinci hissə boyu azarkeşlərin klub rəhbərliyini, baş məşqçini istefaya səsləməsi, qarşılaşmanın fasiləsində narazı fanatların tribunadan kənarlaşdırılması “Neftçi”nin passivinə yazılmalı başqa bir məqamdı. Görünür, klubda nələrsə yolunda deyil.

Bəs “Neftçi”də nə baş verir? Çıxış yolu nədir? Bu suallarla idman jurnalistlərinə müraciət etdik.

 

Mahir Rüstəmli: ( futbol+, baş redaktor)

-Fikrimcə, qeyri-adi nəsə baş vermir. Sadəcə, komanda “Bney Yehuda” ilə oyunda aldığı acı məğlubiyyətin, daha doğrusu, yəhudilər tərəfindən Avroliqadan uzaqlaşdırılmanın doğurduğu psixoloji uçurumdan çıxa bilmir. “Neftçi” “Arsenal” üzərində möhtəşəm qələbənin eyforiyasının altından çıxa bilmədi, bununla da 2012-dən bəri həsrət qaldığı Avroliqanın qrupuna doğru irəliləmək baxımında gözəl imkanı əldən verdi. “Bney Yehuda” uğursuzluğunun üzərinə “Sabah”la heç-heçə də əlavə olununca “Arsenal” zəfəri bir andaca unuduldu, əsaslı-əsassız bütün narazılıqlar, umu-küsülər yada düşdü. Hərçənd “Sabah” yetərincə güclü komandadı, bütün neytral müşahidəçilər bu komandanın sonda ən azı 4-cü yeri tutacağını iddia edir və şəxsən mən də son heç-heçəni faciə saymıram. Amma oyunun 30-cu dəqiqəsində, hesab hələ 0:0 olarkən tribunalarda “istefa” şüarı səslənirsə, ertəsi gün komandanın ən nüfuzlu fanklubu, sadəcə, üz döndərirsə, bunu normal futbol məntiqi ilə anlamaq mümkünsüzdü. Təbii, azarkeşin komandasını əvvəlcə ölkədə çempion, sonra da Avroliqada qrupda görmək istəyini anlayıram. Ancaq gəlin etiraf edək ki, bu gün “Neftçi” heç bir komponentdə “Qarabağ”dan üstün deyil, Avroliqada təsnifatdan qrupa qədər adlamaq üçün dörd mərhələ adlamalısan ki, bunu da ölkəmizdə yalnız Voislav Stankoviçə ayda 27500 avro verən “Qəbələ” bacarıb…

Çıxış yollarına gəlincə…
Klub-komanda-azarkeş bütünləşməsi baş verməli, kapitan sarğısını qoluna taxan Emin Mahmudov kollektiv üzvlərini toparlamağı bacarmalı, Roberto Bordin səhvlərindən nəticə çıxarmalı, Baqali Dabo ilə münasibətləri qaydaya salmalı, komandasının böyük potensialına uyğun fərqli modellər düşünməlidi. Eyni zamanda hesab edirəm ki, klub prezidenti, baş məşqçi və futbolçular media, azarkeşlər ilə ünsiyyətdə qıcıqlandırıcı mesajlardan çəkinməli, istisnasız oyuna köklənməli, “Neftçi”nin dəyər olduğunu anlayan ünlü veteranlar komandanın məşqinə baş çəkməli, gənc həmkarlarını ruhlandırmalı, onlarla söhbət etməlidilər. Açığı, mən bu gün də “Qarabağ”a müqavimət göstərəsi, çempionluğa iddia edəsi yeganə komanda kimi məhz “Neftçi”ni görürəm.

 

Rəşad Ergün: (komanda.az, baş redaktor)

“Neftçi”də nə baş verirsə, indi baş vermir. Çoxdan baş verir. Klub son bir neçə ildə bir neçə prezident, baş məsqçi, hətta idarəetmə strukturunu dəyişib. Amma dəyişməyən bir şey var, o da komandanın uğursuzluğu.. Görün vəziyyət nə yerdədir ki, klubun prezidenti komandanın Avropa Liqasında həvəskar “Speranta”nı keçməsini böyük uğur sayır, bunu özləri üçün hədəf kimi gördüklərini deyir. Çıxış yolu nədədir? “Neftçi” AFFA-nın baş katibinin və onun yarıtmaz kadrlarının əlindən alınmalı, klub hec kimdən asılı olmayan, müstəqil qərarlar verə biləcək şəxslərə tapşırılmalıdır. Futbolu normal səviyyədə olan ölkələrdə bunun üçün seçkilər keçirilir. Mən desəm ki, yeni rəhbərlik seçki yolu seçilsə yaxşı olar, yəqin gülməli səslənər. Elə ona görə də, Azərbaycan futbolu gülməli vəziyyətdədir.

 

Kənan Məstəliyev: (rekord.az, baş redaktor)

“Neftçi”də baş verənləri normal qəbul etmək lazımdı. Avrokuboklardakı ümumi yaxşı çıxış gözləntiləri yüksəltmişdi. Ona görə də ilk turda evdə “Sabah”la xal itkisi birmənalı qarşılanmadı. Azarkeş belədi, daima uğur, daima daha çoxunu istəyir. Xüsusən də “Neftçi” azarkeşi. Bu baxımdan məhz azarkeşlərin baş verənlərə münasibətini normal saymaq olar. Amma bu boykot məsələləri mənə çatmadı. İlk turdaca, ilk xal itkisindəcə bu addımın atılmasını məntiqini anlaya bilmirəm. Hər halda, bir izahları var və işin əsas tərəfi bu da deyil. Əsas tərəf odu ki, hazırkı rəhbərlik hələ də təcrübəsizdi və azacıq çətinlik olan kimi necə deyərlər, “dili topuq vurur”. Petrov və Bordinin oyunsonrası, prezident Quliyevin isə bir neçə gün öncə verdiyi açıqlamalarından düşünmədən danışdıqları, sonra baş verəcəkləri proqnozlaşdırmadıqları, bəlkə də bunu heç bacarmadıqları hiss olunur. Üstəlik, “Krizis menecment” deyə bir məhfum var. Böhran zamanı idarəçiliyi bacarmağı ehtiva edir. Görünən odu ki, “Neftçi”də bunu etməyi hələ öyrənməyiblər. Bilməlidilər ki, bu klub elə klubdu ki, bir xal itkisi belə istefaya səbəb verə bilər. İşlərinə davam etmək istəyirlərsə, çox tez toparlanmalı, ən qısa müddətdə yaranan durumdan çıxış yolu tapmalıdılar. “Sabah”la üstəlik məzmunsuz, məğlub oyunla qazanılan bir xalı azarkeşlər bağışlamasa da, ümumi futbol ictimaiyyəti normal qəbul edir. Amma “Zirə” ilə matçdakı yenilgi, yaxud bərabərlik işləri cızığından çıxara bilər. Tövsiyəlik bir şey qalmayıb, özləri hər şeyi yaxşı bilirlər, anlayırlar. Bu günə qədər etdikləri səhvlərdən nəticə çıxarmaqları lazımdı. Dirəşmək, “vsyo ravno” biz deyən olacaq fikrini uzaq tutmalıdılar.

 

Əli Sahib: ( fanat.az, baş redaktor)

Sizə şahidi olduğum bir misal çəkim. Badamdar qəsəbəsində yaşayıram. Qəsəbədən 20-ci sahəyə yol düşür. Bu yolda zaman-zaman çatlar əmələ gəlirdi. Həmişə də bu çatlar yamanırdı. Nə vaxta qədər çat yamamaq, havaya pul sovurmaq olar? Sanki bu çatların bir gün faciəyə çevriləcəyin bilmirlərmiş kimi. O zaman yetişdi, sürüşmə baş verdi, yol bağlandı. Yaxşı ki, ölüm-itim olmadı amma ola bilərdi. Səbəb isə yolun sağ tərəfində, dağın üstündə olan villaların kanalizasiya suları idi. Kanalzasiya sistemi olmadığından çirkab sular sürüşməni gerçəkləşdirdi. İndi həmin yol içtimai nəqliyyat üçün yenə bağlıdı. Sən məmursan, rəissən, deputatsan fərq etməz, sənin çirkabın dövlətin yol infrastrukturuna milyonlarla ziyan vurur. İndi ortada girinc qalanlar bilirsiz kimlərdi? Yolu yamayan idarə rəhbərləri. Bilmirlər bu sürüşməyə necə don geyindirsinlər. Təsəvvür edin ki, yuxarıdakı villaları göstərib əsas səbəbi deyə bilmirlər. Sürüşmə səbəbini göstərənlərə, deyənlərə isə nala-mıxa vura-vura dərs keçirlər. Əminəm ki, bir gün torpaq sürüşməsi bu cür sürüşkən idarə rəhbərlərini də ağuşuna alıb aparacaq. Maraqlıdı , həmin vəziyyətdə də özlərini qəhrəman, akademik, Mirməsləhət ağa kimi göstərə biləcəklərmi ?
Çıxış yolu, axıtdıqları çirkabın fərqində olmayanlara göz yummamaqdı. Qanunsuz məskunlaşdıqları dağın başından endirilməlidirlər.
Düşünürəm ki, fikirim aydındı.

 

İxtiyar Əsgərov: ( matç.az, redaktor)

Neftçi” güclü və alternativli heyətlə çempionluğu, eyni zamanda Avropa Liqasında qrupa düşməyi hədəfləmişdi. Məncə, komandanın yeganə problemi baş məşqçinin bu kollektivə layiq olmamasıdı. “Bney Yehuda”ya uduzan da “Neftçi” yox, Bordin oldu. İtaliyalının bildiyi bir oyun fəlsəfəsi var: müdafiə olunmaq. Bəlkə də, bu, elə italyan olması ilə bağlıdı. “Arsenal” önündə bunu bir daha sübut etdi. Amma Bordinin qapanan “Bney Yehuda”ya qarşı B variantı olmadı. Çempionatın ilk turunda “Sabah” oyuna görə “Neftçi” yə uduzmalı deyildi və “Neftçi” rəqibinin bəxtsizliyi sayəsində 1 xal qazandı. Çempionluğu hədəfləyən komandanı müdafiə yox, hücum taktikasını bacaran, xarakterli məşqçi çalışdırmalıdı. “Neftçi” rəhbərliyi hələ də başa düşmür ki, Bordindən onlara xeyir gəlməz. Burdan Moldovaya, ordan Rusiyaya gedən, gecəsini gündüzünə qatan “Neftçi” fanatlarını italyanın ayağına vermək isə ikinci bağışlanılmaz səhvdi. Yol yaxın ikən mütləq baş məşqçi dəyişdirilməlidi. Əks təqdirdə, mövsümün sonunda yenə “Qarabağ”ın çempionluq coşğusunu izləyəcəklər”.

 

Amal Abışov: ( sport7.az,redaktor)

“Neftçi”də baş verənlər bir atalar sözünə bənzəyir: “Nə tökərsən aşına o da çıxar qarşına”. Adamlar il yarımdı aşlarına tökdükləri ilə qarşılaşırlar. “Xalq komandası”nın çəkisinə uyğun olmayan kadrlar, məşqçi və əcnəbi futbolçular bu ağırlığın altında əzilirlər, minimum və maksimum hədəflər radio dalğası kimi qarışıb. Çıxış yolu Kamran Quliyevin daşı ətəyindən tökməsi, ilkin mərhələdə Bordinlə yolların ayrılmasıdı. Klubu bu işi bacaranlar idarə erməli, komandanı normal yerli məşqçi çalışdırmalıdı. Zamanla digər məsələlər də yoluna düşəcək.

Mina Musayeva
Korner.az

Son yazılar

Yuxarı