Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-09-16&&dateTo=2019-09-17): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
Ölkə futbolu

SORĞU: Azarkeşlər yerli şərhçilərdən niyə narazıdır?

12.03.2019 , 10:45

Futbol dünyanın ən çox izlənilən idman növlərindən biridi. Hətta, bir qədər də irəli gedib, onu birinci hesab etmək olar. 90 dəqiqə davam edən nəfəs kəsən oyunlar, vurulan qollar, azarkeşlərin möhtəşəm dəstəyi futbolu daha da maraqlı edir. Yaxşı şərh olunan futbol oyunu isə məsələnin digər tərəfidir.  

Bəzən azərbaycanlı şərhçilərin oyunu sosial şəbəkələrdə müzakirəyə səbəb olur, onların şərhləri birmənalı qarşılanmır.  Yerli azarkeşlər ya şərhçilərin futbol biliyinə şübhə ilə yanaşır, ya da ümumiyyətlə  yerli telekanallarda oyunlara baxmadığını yazırlar. Bununla bağlı,  azərbaycanlı futbol şərhçiləri ilə əlaqə saxlayıb fikirlərini öyrəndik.

İsmayıl Abdullayev: (İdman Azərbaycan, şərhçi)

Təbii ki, bəyənənlər də, narazı olanlar da var. Zövqlər müxtəlifdir. Bizi dərhal tarixləri 50-100 ilə çatan türk və ya rus kanallarının şərhçiləri ilə müqayisə edirlər. Nəzərə almaq lazımdır ki, bizim müasir şərhçilik təxminən 20 ildir ki, formalaşmağa başlayıb. Həm de şifrəsiz və öz dilimizdə müxtəlif idman növləri üzrə şərhləri tamaşaçılarımıza təqdim edə biliriksə, bunun özü böyük işdir. Hər kəsin  fikri bizim üçün önəmlidir və hamıya hörmətlə yanaşırıq. Sağ olsunlar ki, izləyirlər. Biz də calışırıq daha yaxşı olaq.

Nurlan Valehoğlu: (CBC Sport, şərhçi)

Şərhi bəyənib-bəyənməmək zövq məsələsidir. Narazılıq söhbətini isə izləyicilər cavablandirsalar, daha düzgün olar. Azərbaycanlı şərhçiləri ayrılıqda xoşlayanlar da var, xoşlamayanlar da. Ümumi yanaşma məncə düzgün olmaz.

Tural Məmmədli: (İdman Azərbaycan, şərhçi)

Mən deməzdim ki, fikirlər daha çox mənfidir. Məncə, “İdman Azərbaycan” kanalının şərhçiləri birmənalı olmayan fikirləri müsbətə dəyişə bilib.  Şərh zövq məsələsidir. Sağlam tənqid eşitmək hər zaman xoşdur, amma söz xətirinə, ordan-burdan eşitdiklərini “tənqid” kimi vurğulayanlar fikrimcə, bir az yaxşı düşünsünlər.

Elnur Məmmədli: (CBC Sport, şərhçi)

İstənilən dövrdə istənilən şərhçidən razı qalanlar da olub və olacaq, narazılar da. Bundan təbii heç nə ola bilməz. Nə qədər insan varsa, bir o qədər də müxtəlif cür zövq var. Məsələnin digər tərəfi isə bizdə əhalinin 70-80 faizi həm Anadolu türkcəsində, həm də rus dilində rahat anlayırlar. Və illərlə insanlar sovet dövründən bu yana mərkəzi televiziyaya baxıblar. Ona görə də burda insanların qulaqlarının doğma dildə şərhə öyrəşmələri üçün də vaxt lazımdır. Rusiyada əhalinin 99 faizi öz kanallarına baxır, çünki digər dilləri bilənlər azdır və ya əcnəbi kanallara baxmaq heç də asan deyil. Həmçinin Türkiyədə. Amma son illərdə biz bu istiqamətdə xeyli irəliləyişin şahidi oluruq. Artıq hətta rus bölməsini bitirən insanlar var ki, həvəslə Azərbaycan dilində şərhləri dinləyirlər və bundan zövq alırlar. Hər bir şərhçinin səhvi də ola bilər. Bu da normaldır. Amma daim Rusiyanın idman kanallarını izləyən biri kimi əminliklə deyə bilərəm ki, bizim bir çox şərhçilər rusiyalı həmkarlarından üstündürlər.

Ramiz Mirzəzadə: (İdman Azərbaycan, şərhçi)

Zövqlər müxtəlifdir. Elə izləyici var ki, şərhçinin yüksək tempdə oyun şərh etməsini istəmir, daha çox sakitliyin tərəfdarıdır. Amma izləyici var tempin daim yüksək olmasını istəyir. Daha bir haçalanan təzadlı fikir: elə tamaşaçı var ki, reportaj zamanı ancaq oyunun gedişatının səthinin tərəfdarıdır, qətiyyən statistika barədə nəyisə qəbul etmək istəmir. Amma bunun tam tərsini düşünən tamaşaçılar da az deyil. Ona görə qızıl orta xətti tutmaq çox çətindir. Amma çalışıb o xətti tutmaq lazımdır ki, razılıq olmasa da, narazılıq da olmasın.

Pərviz Musayev: (CBC Sport, şərhçi)

İqtisadiyyatda belə bir deyim var: “Müştəri həmişə haqlıdır”. Şərhçi oyunu elə bir şəkildə şərh etməlidir ki, tamaşaçı onu bəyənsin. Bu, tamaşaçının tam olaraq haqqıdır. Lakin məsələnin bir başqa tərəfi də var. Hər bir tamaşaçının müxtəlif zövqü var. İlk olaraq fikir müxtəlifliyi elə burada yaranır. Bəzi tamaşaçılar emosional şərhi sevir, bəziləri isə bir qədər sakit şərhin tərəfdarıdır. Bundan başqa əksər tamaşaçı bizim şərhçilər ilə türk və ya rus şərhçilərin müqayisə edir. Rusiyalı şərhçilər təhlili, türk şərhçilər isə meydana baxıb şərh edirlər. Əlbəttə, biz özümü onlara oxşatmırıq, amma onlardan nələrisə götürməyimiz qəbahət sayılmamalıdır.  Mən özüm şəxsən oyundan sonra şərh etdiyim oyuna yenidən baxıram. Yaxşı şərh etdiyimi düşündüyüm və ya zəif şərh etdiyim oyunları özlüyümdə analiz edirəm.  Mənim tamaşaçılardan bir xahişim var ki, heç kimi söyüb, təhqir etməsinlər. Şərhçilər oyun zamanı səhv edə bilər. Düzdü, olmasa daha yaxşıdır, amma olsa belə onların ünvanına kobud ifadələrin deyilməsi yaxşı bir hal deyil. Bəzən azarkeşlər deyir ki: “Niyə filan klubun qolu zamanı daha çox qışqırdı, amma rəqibin qoluna zəif reaksiya verdi?” Mən belə şərhləri oxuyanda həqiqətən təəccüblənirəm. İnanın ki, şərh zamanı biz tam olaraq neytral mövqe ortaya qoymağa çalışırıq. Son olaraq onu deyim ki,  şərhçilərimizin şərhi o qədər də pis vəziyyətdə deyil. Tam olaraq əla demirəm, amma çox zəif də deyil.

Tərlan Şahinoğlu: (İdman Azərbaycan, şərhçi)

Məncə, şərhçiliklə bağlı, hər şey çox yaxşıdır. Mən özümə cavabdeh biriyəm. Ölkəmizdə bu işi layiqincə görən şərhçilər çoxdur.

rid Ramazanov: dman Azərbaycan, şərhçi)

Bu cür şeylər normaldır. Əvvəllər də olub, indi də var, gələcəkdə də olacaq. Hamını bəyəndirmək qeyri-mümkündür. Ancaq razı qalanların sayı da kifayət qədərdir, bu da sevindirici haldır.

Rövşən Binnətli: (CBC Sport, idman şərhçisi)  

Hər kəs öz düşüncəsindən istifadə edərək bu məsələyə müxtəlif şəkildə yanaşır. Ümumi şəkildə deyirlər ki, şərhçilərin futbol biliyi zəifdir və ya oyunları düzgün şərh etmirlər. Bunların hamısı ümumi şəkildə deyilir. Lakin biz bu iradları təhlil edərkən görürük ki, yenə də ümumi danışılır, konkretlilik yoxdur. Şərhçilər tənqid olunduğu zaman yalnız onların futbol şərhi haqqında danışılır. Bilmək lazımdır ki, idmanın digər növləri də var. Sosial şəbəkələrdə yazılan rəylər isə konkret faktlara söykənmir. Bizim şərhçiləri türk və ya rus şərhçiləri ilə müqayisə edirlər. Bilirsiz, bu, bir qədər mübahisəli məsələdir. Çünki onların şərhində də çox böyük qüsurlar var və bu həmin ölkələrin idman mediası tərəfindən kəskin etirazla qarşılanır. Bundan başqa tamaşaçı istədiyi şərhi eşitməyəndə artıq həmin şərhçi ilə bağlı mənfi fikirlər formalaşmağa başlayır. Bəzən şərhçi 90 dəqiqə ərzində oyunu gözəl şərh edir, ancaq bir səhvinə görə onu tənqid edirlər. Bu, düzgün yanaşma deyil. Mən yenə də şərhçiləri tənqid edənlərdən konkretlilik istəyirəm. Konkretlilik olsa, məsələ öz həllini tapa bilər. Ümumiyyətlə, şərhçiliyimizin inkişafına can yandıran, qayğısına qalan həmin şəxsləri bir şərhçi olaraq çox təşəkkür edirəm.

Görünən odur ki, həm azarkeşlərin ayrı-ayrılıqda eşitmək istədiyi şərhlərdə, həm də şərhçilərin öz şərhlərində müxtəliflilik var. Bu müxtəliflilik olduğu müddətdə bu cür ziddiyyətli fikirlər davam edəcək.

Fərrux Həsənli,
korner.az

Son yazılar

Yuxarı