“Sonuncu yerə layiq deyilik” – Samir Abasov
19.12.2018 , 18:54

“Qış fasiləsinə yaxşı motivasiya ilə çıxmaq istəyirdik. Buna görə də qələbə bizim üçün çox vacib idi. Ancaq çempionatı arxa plana keçirmirik. Bugünkü oyunumuz o qədər də pis deyil. Sonuncu yerə layiq olmayan komandayıq. İnanıram ki, bu, qışdan sonra oyunumuzla təsdiqini tapacaq. Bu gün bizdə çemodan əhval-ruhiyyəsi yox idi”.
Bu sözləri “Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Səbail”ə səfərdə 3:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri matçdan sonra mətbuat konfransında deyib.
– Qışda kimlər gedəcək?
– Bu gün elə bir futbolçu yoxdur. Hələ o fikirdə də deyilik. Kimlər gələcək deyə bir sual var. Bir-iki nəfər oyunçu götürməyə çalışacağıq. Hökmən iki futbolçu lazımdır. Olmasa, bu heyətlə yola davam edəcəyik. Çətinliklər olsa da, istədiyimiz oyunçunu almağa çalışacağıq.
– Qollarınızın hər 3-nü künc zərbəsindən vurdunuz. Bunun üzərində xüsusi işləmişdiniz?
– İlk oyundan nəyisə planlaşdırmaq çətin bir şey idi. Açığı, heç bir şey etməmişdik. Əsas fikrimiz futbolçuları çemodan əhval-ruhiyyəsindən uzaq etmək idi.
– Yarımfinalda kimi rəqib görmək istərdiniz?
– Yaxşı sualdır. Nə deyim ki, kiminsə xətrinə dəyməyim?
– Yaxşı, sualı belə qoyaq. “Neftçi”nin sensasiya edəcəyinə inanırsınız? “Ağ-qaralar”ın böyükhesablı qələbəsini real sayırsınız?
– “Neftçi” də qalib gələ bilər. Ancaq “Sumqayıt”ın bu komandanı üstələcəyi mənim üçün sensasiya deyil.
qol.az
