Türkiyə Superliqasının Superfinal matçında "Fənərbağça" ilə qolsuz heç-heçə edən "Qalatasaray" əzəli rəqibinin meydanında çempionluğu bayram etmək istəsə də, bu gerçəkləşməyib. Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, azarkeşlərin meydana axışması və yaranan qarışıqlıqdan sonra "sarı-qırmızı"lı futbolçular paltardəyişmə otağına yollanıblar. Maraqlısı budur ki, hələ də çempionluq kuboku Terimin rəhbərlik etdiyi komandaya verilməyib.
Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən və qurum rəsmiləri də bu məsələdə aciz qalıblar. Lakin "Qalatasaray"ın prezidenti Ünal Aysal TFF-yə sərt şəkildə etiraz edərək, onlara kubokun verilməsini tələb edirlər. Fatih Terim isə açıqlamasında kuboku "Şükrü Saracoğlu"da alıb, bayram etməyəcəklərinə qədər Kadıköyü tərk etməyəcəklərini bildirib.