2014-cü il Dünya çempionatının seçmə mərhələsinə Avstiryada hazırlaşan Türkiyə milli komandasının təlim məşqində xoşa gəlməz hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, bazar günü səhər saatlarında nəzərdə tutulan məşqin baş tutmamasından sonra futbolçular və məşqçilər korpusu gəzintiyə çıxıblar. Bu sırada Türkiyənin "HaberTürk" qəzetinin foto-müxbiri Vedat Danacı və millinin qapıçısı Volkan Dəmirəl arasında qarşıdurma yaranıb. Buna səbəb isə futbolçuların fotoqrafa şəkil çəkməyə icazə verməməsi olub. Lakin Danacının israrla şəkil çəkmək istəyi Volkanı qəzəbləndirib. Müxbirin üzərinə doğru gələn Dəmirəl komanda yoldaşları tərəfindən sakitləşdirilib.
Qeyd edək ki, söz-söhbət zamanı Volkan Dəmirəlin bu ifadələri işlətməsi maraq doğuran məqamlardan olub: "Səni ürəyimə yazdım. Gəlib səni evinizdən götüzdürməsəm mənə də Volkan Dəmirəl deməsinlər."