“İnter”dəki maliyyə böhranı yerli futbol komandalarımız üçün başağrısına çevrilir
Son günlərdə maliyyə problemləri ilə üzləşən “İnter”də vəziyyət getdikcə gərginləşir.
Korner.az-ın məlumatına görə, xəbər verir ki, mövsümün əvvəlində lisenziyalaşdırma proseduruna əsasən AFFA-ya bank təminatı verən Beynəlxalq Bank öhdəliyinə düşən pulu ödəməkdən boyun qaçırır. Belə ki, bankın rəhbərliyi klub işçilərinə klubu sahiblənmədiyini bildirib.
“İnter”in prezidenti Cahangir Hacıyev isə işçilərə, futbolçulara son 3 oyunu yol verməyi, ondan sonra vəziyyətin düzəlib-düzəlməyəcəyi haqqında məlumat verəcəyini deyib.
Əldə etdiyimiz məlumata görə, klub işçiləri və futbolçular 4 aydır ki, maaş almır. Əcnəbi futbolçular isə artıq pulsuzluğa tab gətirməyərək UEFA-ya şikayət etməyə hazırlaşırlar.
Məlumat üçün bildirək ki, “İnter”in futbolçuları UEFA-ya şikayət edərsə, Avropanın ali futbol qurumu birbaşa olaraq AFFA-dan bank öhdəliyi yerinə yetirilməyən kluba linsenziya verdiyi üçün izahat tələb edəcək. “İnter” UEFA Avropa Liqasında iştirak etməkdən imtina edəcəyi təqdirdə isə kluba yüksək məbləğdə pul cəzası veriləcək. Bundan əlavə, Azərbaycan klublarına isə ciddi qadağalar tətbiq oluna bilər. Yəni, yeni mövsümdə Azərbaycan klublarına UEFA bayrağı altında keçirilən turnirlərdə iştirakına qadağalar tətbiq oluna bilər.
JAM.az
