2014-cü il Soçi Qış Olimpiya Oyunlarında dağ xizəkçiliyi növü üzrə yarışlarda tarixi hadisə baş verib.
Korner.az-ın məlumatına görə, qadınların sürətli enişinin yekununda birinci yeri iki idmançı tutub.
Sloveniyalı Tina Maze və isveçrəli Dominik Gizin finişə eyni vaxtda – 1 dəqiqə 41,57 saniyəyə çatıblar. Bununla da hər 2 idmançı qızıl medala layiq görülüb.
Amma bu hal olimpiadalar tarixində dağ xizəkçiliyi növündə ilk dəfə baş verib. Əvvəllər 2002-ci il Solt-Leyk-Siti Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında da 2 qalib olub. Daha bir maraqlı məqam isə Gizinin 5 il öncə Dünya Kubokunun mərhələ yarışında da qızıl medalı isveçli Anya Personla bölüşdürməsi olub – 1:47,52.
Qeyd edək ki, dağ xizəkçiliyinin sürətli eniş növündə idmançının sürəti hətta saatda 140 km-ə də çatır, uçuşun uzunluğu isə 40 – 50 metr olur.
