“Rəvan” yay “transfer pəncərəsi”ndə heyətini artıq 4 yerli futbolçu – Elvin Həsənəliyev, Fuad Əhmədov, Ceyhun Cavadov və Bəxtiyar Soltanov ilə gücləndirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt klubu daxili bazarda axtarışlarına davam etməklə yanaşı, səviyyəli legionerləri də Azərbaycana gətirməkdə davam edir. Qışda Mindauqas Kalonas və Miloş Adamoviç kimi əcnəbiləri Azərbaycan futboluna bəxş edən komandamız artıq yeni mövsüm üçün ilk legioneri baxışa dəvət edib.
Bu, “Maribor”un müdafiəçisi Yovan Vidoviçdir. 24 yaşlı arxa xətt oyunlçusu 1989-cu ildə yanvarın 6-da Lyublyanada anadan olub. Futbola 1998-ci ildə “Şmartno”da başlayan Vidoviç 2002-ci ildə Dalibor Stoyanoviçlə birlikdə “Slovan”a yollanıb. Burda vitse-çempion olan müdafiəçinin komandası yalnız “Maribor”dan geri qalıb. “Slovan”da çıxış edərkən, yoldaşları bədən ölçüləri həddən artıq böyük olan futbolçuya “Duqi” ləqəbini veriblər. Lakin Vidoviç “Slovan”da cəmi 1 il qalıb və 2005-də “Domjale”yə tranfser olunub. Burda 1 il aşağı yaş qruplarından ibarət komandada oynadıqdan sonra əsas komandaya cəlb olunmağa başlayıb. Daha 5 il bu klubda çıxış edən oyunçu meydana çıxdığı 54 oyunda 2 dəfə fərqlənib. 2011-ci ildə isə “Maribor”la anlaşıb və 4 illik müqaviləyə imza atıb.
Son iki ili Sloveniyanın ən məşhur klubunda keçirən Vidoviç 28 oyunda 2 qol vurub. Bir ara Slovaniyanın gənclər yığmasının da şərəfini qorumuş Yovanın başa çatan mövsumdə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan “Maribor”un əksər görüşlərində özünü yaxşı tərəfdən göstərdiyini də xüsusi qeyd etməliyik.
Artıq “Duqi” ləqəbli müdafiəçi “Rəvan”da ilk məşqinə də çıxıb. Bugünkü səhər məşqində iştirak edən Vidoviç hələ bir neçə gün sınanılacaq. Onunla bağlı yekun qərarı baş məşqçi Ramil Əliyev verəcək.