Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari dünya çempionatının yarımfinalındakı məğlubiyyət haqda fikirlərini media ilə bölüşüb.
Korner.az-ın məlumatına görə, o, Braziliya millisinin Almaniya yığmasına 1:7 hesabı ilə məğlub olmasını “fəlakət” adlandırıb:
“Almaniya yığması sadəcə möhtəşəm idi. Hər şey əleyhimizə oldu. Künc zərbəsindən qol buraxdıq, təşvişə düşdük. Sonra isə toplar bir-birinin ardınca qapımıza gəldi”.
Skolari bildirib ki, məğlubiyyətə görə məsuliyyəti şəxsən özü daşıyır:
“Bu, fəlakətli nəticədir. Braziliya xalqından məğlubiyyətə görə üzr istəyirəm. Ümid edirəm ki, insanlar bizi bağışlayacaq və üçüncü yer uğrunda oyunda dəstəkləyəcək”.
