Peşəkar Futbol Liqasının rəsmi saytı Topaz Premyer Liqanın təsnifat mərhələsinin oyunlarını izləyən azarkeşlərin sayını açıqlayıb.
Korner.az-ın məlumatına görə, oyunları ümumilikdə 262 min 720 tamaşaçı izləyib. Nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” matçını nəzərə almasaq baş tutan 131 oyunda orta tamaşaçı sayı 2005-ə bərabər olub.
Azarkeş sayında mövsümün rekordu “Xəzər Lənkəran” – “İnter” matçında qeydə alınıb – 11000. Ən az azarkeş isə “Kəpəz” – “Simurq” qarşılaşmasında olub – 50. Bu matçlar müvafiq olaraq 19-cu və 22-ci turlarda keçirilib.
Ümumi azarkeş sayında isə “Xəzər Lənkəran” hamıdan öndədir. Cənubluların ev oyunlarını 69700 tamaşaçı izləyib. “Xəzər Lənkəran” bu göstəricidə 2-ci olan “Sumqayıt”ı 2 dəfədən də çox qabaqlayır. 3-cü pillədə isə “Kəpəz”dir. Əvvəlki mövsümlərdə olduğu kimi paytaxtda oynayan klublar yenə cədvəldə son pillələrdə qərarlaşıb.
Sonuncu, 12-ci yeri isə "Qarabağ" tutub. Bu komandanın 11 ev oyununa ümumilikdə 4500 azarkeş gəlib. Bu isə orta hesabla hər oyuna 409 azarkeş deməkdir.