Yeni mövsümə hazırlıqları Türkiyədə davam etdirən “Simurq” gündə iki dəfə olmaqla məşqlərə çıxır.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kartəpədə yerləşən oteldə məskunlaşan komandanın səhər hazırlığı əsasən topsuz keçir.
Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasına çalışan Georgi Çixradzenin komandası axşam məşqlərini topla davam etdirir. Tam heyətlə qardaş ölkədəki təlim-məşq toplanışına start verən Zaqatala təmsilçisinin düşərgəsinə sabahdan etibarən baxış üçün dəvət edilmiş legioner futbolçular qoşulacaq. İyunun 30-na qədər bu cür davam edəcək “sarı-qaralar”, daha sonra yoldaşlıq görüşlərində gücünü sınaqdan keçirdəcək. Komandanın ilk rəqibi isə “Spartak” (Nalçik) olacaq.
Qeyd edək ki, “Simurq” iyulun 8-də ölkəyə qayıdacaq. Bir neçə günlük istirahətdən sonra isə Zaqatala təmsilçisi hazırlığın üçüncü mərhələsi üçün iyulun 13-də Avstriyaya yola düşəcək. 27-nə qədər burada qalmağı planlaşdıran “Simurq” daha dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub.