Kartəpədə təlim-məşq toplanışında olan “Simurq” ötən gün növbəti məşqinə çıxıb.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, komanda axşam saatlarında yoldaşlıq görüşü keçirdəcəyindən məşqçilər korpusu yetirmələrini çox yormayıb.
Zaqatala təmsilçisi qısa məsafəli qaçış və isinmə hərəkətlərindən sonra iki qrupa bölünərək “kvadrat” oynayıblar. Daha sonra isə kollektiv müdafiə və əks-hücumların təşkili ilə bağlı çalışmalar yerinə yetirilib. Sonda isə qapıya zərbələrlə hazırlıq tamamlanıb.
Dünənki hazırlığa baxış üçün dəvət olunmuş daha bir futbolçu qoşulub. Hazırda “Simurq”un düşərgəsində üç belə oyunçu var. Onlar haqqında son qərar yaxın günlərdə məşqçilər korpusu tərəfindən veriləcək.
Qeyd edək ki, “Simurq” dünən Gürcüstanın “Dila” klubu ilə yoxlama görüşündə qüvvəsini sınayıb. Matçda qalib müəyyənləşməyib.
