“Simurq” 2012-2013-cü illər mövsümündə ümumilikdə 35 rəsmi qarşılaşmaya çıxıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlardan 32-si Premyer Liqada, qalanları isə Azərbaycan Kuboku çərçivəsində baş tutub.
Premyer Liqada komanda 12 qələbə, 12 heç-heçə və 8 məğlubiyyətlə 48 xal toplayıb. “Sarı-qara”lar ən yaxşı göstəricilərini ev oyunlarında göstərib. XX tura qədər Zaqatala təmsilçisi doğma arenada rəqiblərinə məğlub olmayıb. Georgi Çixradzenin yetirmələri ilk ev məğlubiyyətini “Neftçi” ilə görüşdə alıb. Daha sonra isə növbəti dəfə Premyer Liqanın final mərhələsində yenidən paytaxt təmsilçisinə minimal hesabla uduzan “Simurq”un Zaqatala şəhər stadionunda üçüncü məğlubiyyəti 24-cü turda “Bakı” ilə oyunda qeydə alınıb. Qalan 13 oyunun 8-də qələbə qazanan “Simurq”, 5 ev qarşılaşmasında isə rəqibləri ilə heç-heçə edib. Səfər görüşlərində isə 19 xal hesabına yazdıran Zaqatala təmsilçisi bunu 4 qələbə, 7 bərabərlik sayəsində bacarıb. Nəticədə “Simurq” tarixinin ikinci ən yaxşı nəticəsini göstərərək turnir cədvəlini dördüncü pillədə tamamlayıb.
“Simurq” həmçinin bu mövsüm yeni bir rekorda da imza atıb. Zaqatala təmsilçisi özünün startdakı məğlubiyyətsizlik oyunlar rekordunu təzələməklə yanaşı, yenisinə də imza atıb. Georgi Çixradzenin yetirmələri 2007-2008-ci il mövsümündəki 7 görüşdə məğlub olmamaq rekordunu yeniləməklə, bunu 8 oyuna çıxardıb. Komanda IX turda “İnter”ə səfərdə minimal hesabla məğlub olmasıyla, cari mövsümdəki məğlubiyyətsizlik seriyası qırılıb.
Azərbaycan Kubokunun 1/8 final mərhələsində səfərdə AZAL-ı minimal hesabla məğlub edən Zaqatala təmsilçisi 1 /4-ə yüksəlib. Bu “Simurq”un tarixində 3-cü bu cür göstəricisi idi. Buna qədər isə “sarı-qaralar” yalnız 2008-2009 və 2009-2010-cu il mövsümlərində kubokda bu mərhələyə qədər irəliləyə bilib. Ötən il 1/8 final mərhələsində “Neftçi”yə məğlub olaraq kubokla vidalaşan “Simurq” bu dəfə 1 /4-də paytaxt təmsilçisini üstələyə bilməyib. Ev oyununda qolsuz heç-heçə edən “sarı-qaralar” cavab qarşılaşmasında 120-ci dəqiqədə buraxdığı qoldan sonra kubokdan kənarlaşıb.
Bu görüşlərdə “Simurq” ümumilikdə rəqib qapısından 33 qol keçirib. Öz qapısından isə 27 top buraxıb. Bu qollardan 32-si Premyer Liqada qeydə alınıb. XVIII turda “Rəvan”la görüşdə rəqibin legioner limitini aşdığına görə paytaxt təmsilçisinə 3:0 hesablı texniki məğlubiyyət verilib. Bu səbəbdən komandanın 1:0 hesablı qələbəsi isə ləğv edilib və Zdravko Popoviçin bu görüşdə vurduğu qol qeydə alınmayıb. Premyer Liqada isə “Simurq” qapısından 26 qol buraxıb.
Premyer Liqada “Simurq”un keçirdiyi oyunlarda ən çox qeydə alınmış hesab 1:0-dır. Belə başa çatan görüşlərin sayı 9-a bərabərdir. XVIII turdakı “Rəvan”la görüşün nəticəsi ləğv olunmasa idi, bunu 10 etmək olardı. 1:0 hesabı ilə bitən oyunların 6-sı komandanın, 3-ü isə rəqiblərin xeyrinə bitib. Kubokdakı 3 görüşün ikisində də, bu hesab qeydə alınıb.
“Simurq” bu mövsüm yalnız “Neftçi” və “Bakı” ilə görüşlərdə qələbəyə həsrət qalıb. Komandanın ən böyük hesablı qələbəsi “Turan”la görüşdə qeydə alınıb. “Simurq” Tovuz təmsilçisini doğma arenada 3:0 hesabı ilə məğlub etməyi bacarıb. Həmçinin bu mövsüm Zaqatala təmsilçisi tarixinin ən böyükhesablı məğlubiyyətini də alıb. Premyer Liqanın final mərhələsinin XXVII turunda “İnter”ə səfərdə 5:0 hesabı ilə uduzmaqla 8 illik tarixində ilk dəfə 5 və daha çox top fərqilə məğlub olub.