Topaz Premyer Liqasının XXI turunda "Bakı"yla doğma arenada qolsuz heç-heçə edən "Simurq" hazırlıqlara ara vermədən start verib.
Korner.az–ın məlumatına görə, fevralın 27-də Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi"ni qonaq edəcək komanda dünən bir məşqə çıxıb.
Paytaxt təmsilçisi ilə görüşdə zədə səbəbindən forma geyinə bilməyən kapitan Rasim Ramaldanov, artıq komanda ilə birlikdə çalışmalara başlayıb. Stepan Polyak isə zədəsini tam sağalda bilmədiyindən bugündə istirahət edib.
Səhər saatlarında baş tutan hazırlığda futbolçular iki qrupa bölünüb. Start heyətdə meydana çıxan oyunçular uzun məsafəli qaçışdan sonra isinmə hərəkətləri ilə məşqi tamamlayıb. Digərləri isə onlardan fərqli olaraq iki qrupa bölünərək "kvadrat" oynayıb. Sonda isə ikitərəfli oyunla məşqi tamamlayaraq istirahətə çəkiliblər.