Premyer Liqanın IV turunda “Şəfa” stadionunda “Bakı”ya məğlub olan “Simurq” növbəti oyunun hazırlıqlarına start verib.
Korner.az-ın məlumatına əsasən, “Simurq” bir günlük istirahətdən sonra “Bayıl Arena”da bu gün ilk məşqinə çıxıb.
İki saata yaxın davam edən hazırlıq prosesində baş məşqçi Georgi Çixradze yetirmələrini iki qrupa bölüb. Paytaxt təmsilçisi ilə görüşdə forma geyinmiş futbolçular komandadan ayrı çalışıb. Onlar yüngül məsafəli qaçış və isinmə hərəkətlərindən sonra məşqi tamamlayıb.
Digər qrup isə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında tapşırıqları yerinə yetirdikdən sonra, məşqin taktiki təmrinlərdən ibarət hissəsinə keçiblər. Baş məşqçi Georgi Çixradzenin nəzarəti altında künçlərdən asmalar və onların qapanması yerinə yetirilib. Sonda isə kiçik qapılarda ikitərəfli oyunla bu günlük hazırlıq tamamlanıb.
Qeyd edək ki, Zaqatala şəhər stadionunun yenidənqurma işlərinin hələdə tamamlanmadığından komandamız oyunlara hazırlığı Bakıda keçirir. Sabahda “sarı-qaralar” növbəti məşqinə çıxacaq. “Simurq” yeni ayın ilk günündə Premyer Liqanın V turu çərçivəsində “Şəfa” stadionunda “İnter”in qonağı olacaq.
