Azərbaycan Premyer Liqasının XIV turunda "Simurq" Zaqatala şəhər stadionunda indiyədək məğlub edə bilmədiyi "İnter"i qəbul edəcək.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, matçöncəsi son məşqinə çıxan komanda qısa müddətli qaçışdan sonra, isinmə hərəkətləri ilə hazırlığı davam etdirib.
Daha sonra iki tərəfli oyun və qapıya zərbələr üzərində çalışıb. Rəqiblərin 14-cü dueli ərəfəsində qonaq komandanın "Simurq" üzərində aşkar üstünlüyü var. Cari mövsümdə ard-arda 8 tur məğlub olmayan "sarı-qaralar" məhz paytaxt təmsilçisi ilə görüşdən sonra qələbə üzünə həsrət qalıb.
Ancaq buna baxmayaraq, bu gün Georgi Çixradzenin komandası meydana yalnız 3 xal üçün çıxıb tarixində bir ilk edərək, bütün söz-söhbətlərə son qoymaq və yenidən zirvə uğrunda mübarizədə var olduğunu sübut etmək niyyətindədir. Cəza üzündən ötən matçlarda forma geyinə bilməyən Rasim Ramaldanovun, Aleksandr Şemonayevin və İlkin Qırtımovunda heyətə qayıtması da, düşərgədə əhval-ruhiyyəni xeyli artırıb.
Qeyd edək ki, "Simurq" – "İnter" oyunu bu gün saat 15:00-da başlayacaq.
