Zaqatalanın “Simurq" klubu yoxlama oyunu keçirəcək.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, DÇ-2014-ün seçmə mərhələsinin növbəti oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən Georgi Çixradzenin yetirələri Gürcüstana yola düşəcək.
Komanda martın 22-dən 24-nə qədər qonşu ölkədə məskunlaşacaq və bir yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Zaqatala təmsilçisinin rəqibi hazırda daxili çempionatlarında ikinci pillədə qərarlaşan "Dila" klubu olacaq. Qarşılaşma martın 23-də, saat 16:00-da Tiflis şəhərində keçiriləcək.
Qeyd edək ki, "Simurq"un rəqibi hazırda Gürcüstan çempionatında qızıl medallara real namizədlərdən biridir. Bu komanda lider "Dinamo"dan 3 xal geri qalır. "Dila" ötən mövsüm də uğurlu çıxış etmişdi. Qori təmsilçisi Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Maritimo" klubuna məğlub olaraq turnirdən uzaqlaşmışdı.
