DÇ-2014-ün seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən "Simurq"un baş məşqçi Georgi Çixradze futbolçularına bir neçə günlük istirahət vermişdi.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq dünəndən bir araya gələn "sarı-qaralar" bu gündən növbəti turun hazırlıqlarına start verib.
Tam heyətlə məşqləri davam etdirən Zaqatala təmsilçisi ayın 13-də Gürcüstana səfər edəcək. Komanda oyun praktikasını itirməmək üçün qonşu ölkədə paytaxt təmsilçisi "Dinamo" ilə yoldaşlıq görüşü keçirəcək. Qarşılaşma oktyabrın 14-ü saat 15:00-da start götürəcək. Bir gün sonra isə "sarı-qaralar" yenidən Zaqatalaya qayıdacaq və hazırlıqları burada davam etdirəcək.
Qeyd edək ki, "Simurq" Premyer Liqanın IX turunda Bakının "İnter" klubu ilə üz-üzə gələcək. Oyun oktyabrın 20-si "Şəfa" stadionunda keçiriləcək.
