Zaqatalanın “Simurq” klubu Topaz Premyer Liqasının növbəti turuna hazırlıqları davam etdirir.
Korner.az-ın məlumatına görə, 3 günlük istirahətdən sonra oktyabrın 6-da doğma məkanda bir araya gələn “sarı-qaralar” gündə iki dəfə olmaqla məşqə çıxır.
Yalnız millilərin düşərgəsində olan İlkin Qırtımov, Vadim Abdullayev və Vüqar Mustafayev hazırlıqlarda iştirak etmir. Uzun müddətdir zədə səbəbindən komandadan ayrı qalan Murad Səttarlı isə artıq tam sağalaraq məşqlərə başlayıb.
Millilərin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən Zaqatala təmsilçisi iki günlük Gürcüstana yollanacaq. Qonşu ölkənin paytaxtında sabah növbəti məşqinə çıxacaq Georgi Çixradzenin yetirmələri oktyabrın 11-də Bakı vaxtı ilə saat 17:00-da Tiflis “Dinamo”su ilə yoldaşlıq görüşü keçirdəcək.
Bundan sonra Zaqatalaya qayıtmağı planlaşdıran “Simurq”, bir günlük istirahətdən sonra yenidən çalışmaları davam etdirəcək.
Qeyd edək ki, Topaz Premyer Liqasının VIII turu çərçivəsində “Simurq”un rəqibi çempionatın lideri “İnter” olacaq.
