XXI Azərbaycan çempionatının ilk turunda "Qəbələ" ilə heç-heçə oynayaraq hesabına ilk xalı yazdıran "Simurq" klubu ara vermədən növbəti matçın hazırlıqlarına start verib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yüngül isinmə hərəkətləri ilə başlayan məşq, ikitərəfli oyunla tamamlanıb.
Əsas heyətdə yer almayan futbolçular isə komandadan ayrı çalışıb. Yalnız "Qəbələ" ilə oyunda dizindən zədələnən Rüstəm Abasov həmin məşqdə iştirak etməyib.
Qeyd edək ki, "Simurq"un növbəti turdakı rəqibi "Bakı" klubu olacaq. Qarşılaşma avqustun 10-nu paytaxt klubunun bazasında keçiriləcək.
